Müasir dövrün qlobal problemləri sırasında əsas yer tutan bəlalardan biri narkomaniyadır. Narkomaniya hələ ötən əsrlərdə yayılan, coğrafi sərhədləri getdikcə genişlənən təhlükəli bir xəstəlik və cinayətdir.
Mənşəyindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir insana bədbəxtlik gətirən bu bəlaya aludə olmaq QİÇS-in davamlı artmasına şərait yaradır, cinayətkarlığa, zorakılığa təkan verir, insan münasibətlərinə zərbə vurur, ailələrin dağılmasına gətirib çıxarır, qısası “Ağ ölüm” cəmiyyəti məhv edir. Bu yolu seçənlər zamanla toplumda öz statusunu itirməyə başlayır, özlərini cəmiyyətdən təcrid edirlər. Çünki narkotik maddələr insanın ruhunu, psixologiyasını öldürür. Narkomanlıq insanı təkcə ruhi cəhətdən deyil, fiziki cəhətdən də şikəst etmək gücünə malikdir. İnsanın immunitet sistemi zəifləyir, tədricən bir sıra orqanları sıradan çıxır. Bədən zəiflədikcə çəki azalmağa başlayır, insanın fiziki gücü tükənir. Qısa müddətdə insanın sonu ölüm olur.
Narkomaniyanın bəşəriyyətin ən böyük bəlası olduğunu dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə BMT tərəfindən 26 İyun -Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi tarixə düşüb. Həmin tarix narkomaniyaya qarşı görülən tədbirlərin, atılan addımların hesabatı kimi dəyərləndirilir. Ölkəmizdə də narkomaniya ilə mübarizə sahəsində bir sıra hüquqi addımlar atılıb, praktiki tədbirlər həyata keçirilib.
Mövzu ilə əlaqədar Quba rayonu Çartəpə kənd tam orta məktəbinin psixoloqu Nənəgül Vəliyeva ilə söhbətləşdik və bir sıra məqamlara aydınlıq gətirdik:
“İlk növbədə onu deyim ki, narkomaniyaya meyillilik əsasən maraqdan başlayır. Yeniyetməlik dövründə, xüsusilə oğlan uşaqlarında “əsl kişi” olmaq istəyi siqaretə meyilliliyə səbəb olur. Çünki yeniyetmələr həyatda öz rollarını, ata və ya babadan götürür. Narkomaniyaya meyilli şəxslər və ya istifadəçilər əsasən bu şəkildə böyüdülən uşaqlardır. Narkomaniyaya meyillilik səbəblərindən biri də insanın depressiv vəziyyəti, özünə və ətrafa qarşı aqressiyasıdır. Bu səbəbləri mümkün qədər aradan qaldırsaq, narkotik vasitələrdən istifadə hallarının azalmasına imkan yarada bilərik. Məktəblilər ilə əxlaqi söhbətləri yalnız risk qrupuna daxil olan şagirdlərlə deyil, bütün şagirdlərlə də etmək səmərəli olar. Narkomaniyaya qarşı mübarizəni maarifləndirmə tədbirlərini düzgün qurmaqla təmin etmək mümkündür. Yeniyetməlik və gənclik çağında olan bir insana biz bu maddələrin adını desək, onlardan danışsaq, artıq bu, onun daha çox diqqətini çəkəcək və danışarkən istifadə etdiyimiz hər bir termin haqqında internetdə araşdıracaq və yaxud yaşıdları ilə bu haqda fikir mübadiləsi edəcək. Bu da o gəncdə narkotik maddələrdən istifadə etmə marağını yaradacaq. Maarifləndirici tədbir zamanı narkomaniyadan əziyyət çəkən şəxslərin əziyyət çəkdikləri, şikayət etdikləri məsələləri öz dilləri ilə dedikdə, bu zaman yeniyetmə və gənclərdə bu kimi hallardan çəkinmə psixologiyası formalaşır, narkomaniyaya qarşı müəyyən bir fikir yaranır. Məktəb şəraitində narkomaniya əleyhinə tədbirlər məktəb psixoloqları ilə paralel şəkildə aparılmalıdır. Ümumiyyətlə, psixoloqlarda il ərzində risk qrupuna daxil olmuş şagirdlərin siyahısı mövcuddur. Məktəblərdə şagirdləri müşahidə edərək onlarla mütəmadi görüşlər aparılır. Onu qeyd edim ki, bu görüşlər “Narkomaniyaya YOX deyək!” lə yanaşı, “Həyat gözəldir”,” Sağlam qalaq” və s. başlıqlar altında keçirilməkdədir”...
Aydın məsələdir ki, ailə mühiti, tərbiyəsi hər bir uşağın sonrakı taleyində əsas rol oynayır. Onun evdə aldığı tərbiyə metodu sonrakı həyatının, yolunun müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edir. Ailədə qoyulan ilkin tərbiyə digər mühitlərdə daha da təkmilləşir, şəxsin cəmiyyətdə müəyyən istiqamətdə yer tutmasına yol açır. Təhsil ocaqları uşaqların, yeniyetmələrin, gənclərin maariflənməsində, etik davranışlarının, şəxsiyyətlərinin formalaşmasında əhəmiyyətli dərəcədə rol oynayır. Həm ümumi təhsil müəssisələrində, həm də orta ixtisas və ali təhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə üsulları, narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində təbliğat işləri aparılır, maarifləndirici tədbirlər həyata keçirilir. Müxtəlif broşürlər və bukletlər vasitəsilə narkomaniyanın cəmiyyətdə doğurduğu fəsadlar, mənfi təsirləri ilə bağlı məlumatlar qeyd olunur, anti-reklam lövhələri asılır, təbliğat materialları paylanılır. Məktəblərdə bu mövzu ilə bağlı şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri təşkil olunur. Eyni zamanda, mövzu ilə bağlı inşa müsabiqələrinin keçirilməsi, bu sahə üzrə səlahiyyətli şəxslərin məktəblərə dəvət olunması, onların şagirdlərlə söhbətləri bu sahədə atılan addımlardandır.
İnsanın fiziki, psixi və sosial rifahı üçün onun sağlam olması mütləqdir. Biz hamımız canlıyıq, şüurluyuq və nəyin düz, nəyin səhv olduğunu düşünə, təhlil edə bilərik. Yetər ki, sağlam olmağı, sağlam təfəkkürə, sağlam ruha sahib olmağı istəyək. İstək varsa, inam varsa, zərərli, insanı məhv edəcək vərdişlərdən uzaq durmağı mütləq bacararıq.
Tünzalə QULİYEVA