Şagirdlər Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu “Heydər Əliyev İli” çərçivəsində orta məktəblərin şagirdləri üçün “Açıq qapı” elan edib. Bu məqsədlə Bakı şəhəri 7 nömrəli orta məktəbin 7 və 8-ci sinif şagirdləri Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər.
Məktəblilərlə görüşən institutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib: “Bu, ölməz liderimiz, tarixi şəxsiyyət Heydər Əliyevin xatirəsinə olan sonsuz hörmətin bariz nümunəsidir. Biz də institutda bununla bağlı Tədbirlər Planı hazırlamışıq. Həmin planda nəzərdə tutulan tədbirlərdən biri də kimya elminə maraq oyatmaq üçün paytaxtda və regionlarda yerləşən orta məktəb şagirdlərinin instituta ekskursiyalarının təşkilidir”.
Baş direktor qeyd edib ki, elmlə təhsilin vəhdəti təkcə universitetlərlə deyil, orta məktəblərlə də olmalıdır: “Tarixi muzeylər kimi elmi-tədqiqat müəssisələri də qapılarını istedadlı şagirdlərin üzünə açmalı, onların fiziki-kimyəvi proseslərlə əyani tanış olmalarını təmin etməlidir”.
V.Fərzəliyev Azərbaycanın neft ölkəsi olduğunu nəzərə çatdıraraq vurğulayıb ki, keçmiş İttifaqda aşqarların (neft məhsullarına əlavələr) işlənib hazırlanması və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilib.
Baş direktor Aşqarlar Kimyası İnstitutunun yaranma tarixindən, elmi fəaliyyət istiqamətlərindən, aparılan fundamental tədqiqatlardan, əldə olunan nailiyyətlərdən, institutda çalışmış və dünyasını dəyişən Azərbaycanın görkəmli kimyaçı alimləri – akademik Əli Quliyev və akademik İzzət Orucova haqqında, o cümlədən özünün keçdiyi elm yolundan danışıb, uşaqlara öz məsləhətlərini verib.
Sonda şagirdlər laboratoriyalarda müasir fiziki-kimyəvi cihaz və avadanlıqlarla tanış olub, bəzi əyləncəli-öyrədici təcrübələri izləyiblər.