Bəşəriyyətin ən böyük kəşflərindən olan internet artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib. Ağıllı telefonlar, planşet və kompyüterlər kiçikdən böyüyə hər kəsin daimi istifadəsindədir. Texnologiyanın inkişafı təhsilin bütün pillələrində də müşahidə olunmaqdadır. Genişlənməkdə olan elektron təhsil sistemi uşaqların daha çox məlumatlanmasına, interaktiv resurslardan yararlanaraq əlavə biliklər qazanmasına geniş imkanlar yaradır.
İnternet vasitəsilə uşaqlar sonsuz məlumat ehtiyatına və qarşılıqlı əlaqə imkanına malik olurlar. Amma bu da var ki, internet istifadəçisi olan uşaq və yeniyetmələr mütləq düzgün istiqamətləndirilməlidir. İnternet asılılığının yaranmaması, şiddət, müxtəlif pis vərdişlər aşılayan məlumatlara asanlıqla çıxış əldə olunmaması üçün valideynlər övladlarını daim diqqətdə saxlamalıdırlar. Uşaqları texnologiyaya yönəltməzdən əvvəl elə mövzular seçilməlidir ki, bu onların İQ səviyyəsinin güclənməsinə kömək olsun. Bu baxımdan faydalı, həvəsləndirici, motivasiyaedici məzmunlu vasitələr tapmaq lazımdır.
Mövzu ilə əlaqədar “Məktəblinin dostu” layihəsinin Psixoloji Mərkəzinin psixoloqu Nərmin Abbasovanın fikirlərini öyrəndik. Psixoloq bildirib ki, internet, kompyüter asılılığı, ilk növbədə reallıqdan qaçmaq, virtual dünyaya getmək istəyidir və uşaqlar valideynlərindən yetəri qədər diqqət görmədikdə, öz potensiallarına əmin olmadıqda, daha çox virtual aləmə istiqamətlənirlər. Valideyn çalışmalıdır ki, övladı ilə güvənli dost münasibəti qursun. Onları cəzalandırma, günahlandırma, ittiham etmək metodları ilə deyil, anlayışlı ünsiyyət yolu ilə internetin faydalı və zərərli tərəfləri barədə məlumatlandırsın. Yalnız bu zaman valideyn övladına müsbət təsir göstərə bilər. Çünki ittihamlar, sərt çıxışlar onlarda aqressiyanı daha da artıracaq və bu da valideyn-övlad arasında münasibətlərin pozulmasına gətirib çıxaracaq.
Psixoloq hesab edir ki, birlikdə danışmaq, dinləmək daha yaxşı seçim ola bilər. Əgər valideyni narahat edən məsələ varsa, yaxşı olardı, hisslərini övladı ilə paylaşsın. “Mən düşünürəm ki,...”, “Bəs sənin fikrincə...,” bu kimi ifadələrlə onlara düşüncələrini ifadə etməyə şərait yaratmış olsun. Bu halda internetlə ilkin tanışlıq zamanı uşaqlar başa düşəcək ki, internet təkcə oyun oynamaq yeri deyil, sosial şəbəkələr təkcə əlaqə vasitəsi deyil, buradan son xəbərlər almaq, yeni kəşflərlə tanış olmaq, hobbiləri ilə bağlı maraq dairəsini genişləndirmək üçün istifadə olunmalıdır.
“Valideyn uşaqlar üçün canlı nümunədir. Daim internetlə, telefonla vaxt keçirən valideyn övladına internet resurslarından istifadəni məhdudlaşdırmağın vacibliyini izah edə bilməz. Bu zaman uşaqda sual yaranmış olur ki, valideynimin gün ərzində istifadə etdiyi internet niyə mənə zərərli olsun. Valideyn müəyyən qaydalar tətbiq etməlidir. İlk növbədə, internetdən istifadə zamanı vaxt limiti qoyulmalıdır. Sosial şəbəkələrdən daha maraqlı, əyləncəli fəaliyyət düşünülməli və şərait yaradılmalıdır. Çünki uşaqlar başqa seçim görmədikdə, boş zamanı internetlə doldururlar. Valideyn alternativ yollar göstərdiyi zaman isə uşaqlar xeyli dərəcədə internetdən uzaqlaşmış olurlar”-deyə N.Abbasova qeyd edib.
Psixoloq deyib ki, uşaq həddindən artıq virtual aləmdə vaxt keçirirsə, birinci növbədə valideyn bunun psixoloji səbəblərini araşdırmalıdır: "Əgər bunu özü edə bilmirsə, mütləq psixoloqa müraciət etməlidir”.
Qeyd edək ki, dövlət tərəfindən də uşaqların zərərli informasiyadan müdafiəsi istiqamətində vacib addımlar atılır, mühüm tədbirlər həyata keçirilir. “Uşaqların zərərli informasiyadan qorunması” haqqında Qanun buna bariz misaldır.
Beləliklə, uşaqların internetdə, sosial şəbəkələrdə zərərli informasiyalardan qorunması, ona qarşı mübarizə aparılmasında valideyn və müəllimlərin üzərinə xüsusi vəzifə düşür. Bunun üçün isə, ilk növbədə valideyn və müəllimləri virtual məkandakı mümkün təhlükələrdən xəbərdar etmək lazımdır.
Nəzrin SEYİDƏLİYEVA