Naxçıvan Dövlət Universitetində Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə ədəbi-bədii kompozisiya hazırlanıb və sərgi təşkil olunub.

        

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsini Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək dəhşətli cinayət, terror hadisəsi adlandıran ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev bu hadisənin ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən yeganə soyqırım olmadığını, ondan əvvəl də xalqımızın başına dəfələrlə belə  müsibətlər gətirildiyini qeyd edib. Rektor Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük addımlar atıldığını bildirib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycan tarixində son 200 ildə ən parlaq qələbə olaraq tarixə, yaddaşlara həkk olundu və bu qalibiyyət azərbaycanlılara qarşı törədilmiş terror aktlarına ən tutarlı cavab idi.

 

Sonra Tələbə Teatr Studiyasının rəhbəri dosent Gülxarə Əhmədovanın müəllifi olduğu “Qan yaddaşım, Xocalım” adlı bədii kompozisiya nümayiş etdirilib.

 

Naxçıvanın Əməkdar incəsənət xadimi, təsviri incəsənət kafedrasının müəllimi, heykəltəraş Elman Cəfərovun hazırladığı şəhid barelyefləri tədbirdə iştirak edən şəhid ailələrinə təqdim olunub.

 

Sonda soyqırıma həsr edilən filmə və sərgiyə baxış olub.