Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” adlı XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi işini Xaçmazda davam etdirib. İştirakçılar “Azərbaycanda dil siyasəti və çoxdillilik” mövzusunda mühazirə dinləyiblər.
Mühazirəni Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Jalə Qəribova təqdim edib. O, Azərbaycanda müstəqillik qazandıqdan sonra həyata keçirilən dil siyasətinin prioritetləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanda milli və dini azlıqlarla bağlı aparılan dövlət siyasəti hər zaman müvafiq beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılması vacibdir.
Qeyd olunub ki, Azərbaycanda etnik azlıqların dillərinə daim xüsusi diqqətlə yanaşılıb. Azlıqların hüquqlarının qorunması, konkret olaraq onların dillərinə qayğı baxımından Azərbaycan örnək ölkələr sırasındadır.
XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Xaçmaz şəhərində Tarix-Diyarşünaslıq Muzeyi, açıq səma altında Şəxsiyyətlər Muzeyi və başqa görməli yerlərlə tanış olublar. “Öz xalqını təqdim et” adlı musiqili axşam da təşkil edilib. Musiqili axşamda iştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, etnik müxtəlifliyi haqqında məlumat veriblər.
Xatırladaq ki, “Heydər Əliyev İli”nə həsr olunan XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 26-dək davam edəcək.
Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, ABŞ, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərindən tələbələr iştirak edirlər.