MDU-da elmi konfrans keçirilib
Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunan “Xocalı soyqırımı: Yaddaşlara həkk olunmuş qanlı tarix” mövzusunda elmi konfrans keçirilib. Konfransda Xocalıdan olan bir qrup məcburi köçkün, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov otuz bir il əvvəl soyuq qış gecəsində xalqımıza qarşı xüsusi amansızlıqla törədilmiş qətliamın dünya tarixində baş vermis ən dəhşətli soyqırım hadisələrindən olduğunu qeyd edib. Bildirib ki, yalnız azərbaycanlı olduqları üçün qoca, qadın və uşaq demədən yüzlərlə insanlarımızı qəddarcasına qətlə yetirən ermənilərin vəhşi və faşist xisləti bir daha ifşa oldu.
Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayan rektor bu qanlı faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən dövlət tədbirlərinin, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə görülən işlərin əhəmiyyətli nəticələrindən danışıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən söhbət açan Ş.Bayramov Xocalı qurbanlarının qanlarının yerdə qalmadığını və ruhlarının şad olduğunu söyləyib.
Qan yaddaşımıza əbədi həkk olan Xocalı soyqırımının heç zaman unudulmayacağını bildirən rektor gənc nəslin maarifləndirilməsində və vətənpərvərlik ruhunda yetişdirilməsində bu istiqamətdə universitetdə keçirilən çoxsaylı tədbirlərin önəmindən də bəhs edib.
Sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub və konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
Məruzələrdən sonra konfrans ədəbi-bədii hissə ilə davam edib.