Fransada birincilik qazanan UFAZ tələbələrinin uğur hekayələri


Müasir dövrdə təhsil sahəsində əldə olunan nailiyyətlər, tətbiq olunan yeniliklər istedadlı, innovativ düşüncəyə, tədqiqatçılıq gücünə malik gəncləri aşkara çıxarır. Belə ki, tələbələrin beynəlxalq arenada təhsil sahəsində əldə etdikləri uğurların sayı artmaqdadır. Bu uğurlar sırasında ActlnSpace 2022 Azərbaycan finalçısı olan Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri də xüsusi seçilirlər. 5 nəfərdən ibarət “Nexus” komandası Fransanın Kann şəhərində keçirilən ActlnSpace3 Grand Beynəlxaq Finalında 1-ci yeri qazanıb. Eyni zamanda, “Nexus” komandası finaldan əvvəl Avropa İttifaqının Kosmik Proqram üzrə Agentliyinin (EUSPA) təklif etdiyi xüsusi mükafata da layiq görülüb. Finalda komanda yanacaq sərfiyyatını və emissiyaları azaltmaq üçün uçuş trayektoriyalarını optimallaşdıran bir həll təklif edərək, “Airbus 310 Zero G” Qran-Pri mükafatını-çəkisizlik üzrə uçuş imkanı əldə edib. Beynəlxalq hakatonda qalib gələn UFAZ tələbələri ilə söhbətləşdik, komandanın hər bir üzvü təhsil sahəsində fəaliyyətləri, gələcək hədəfləri, əldə etdikləri möhtəşəm uğur barəsində danışdılar.

 

“35 ölkə arasında Azərbaycan adını ucaltmaq çox böyük fəxr hissidir”

 

UFAZ-da “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Ömər Nuruzadə ilk dəfə hər hansısa hakatonda iştirak etdiyini deyir: “Komandadakı yoldaşlarımla artıq neçə ildir ki, tanışıq. Düşünürəm ki, ən yaxın dostlarım olduğuna görə komanda olaraq bir-birimizi anlamağımız daha rahat idi. Verilən tapşırıqları vaxtı-vaxtında bitirmək bizim üstünlüyümüz oldu. Bir sözlə, digər komanda yoldaşlarım kimi mən də ilk dəfə idi ki, hər hansısa hakatonda çıxış edirdim. Hakatonun reqlamentinə əsasən orda olan challenge-lərdən 1-ni seçməli idik. Komanda qərarı olaraq, hazırdakı proyekti seçdik. İlk növbədə, Azərbaycanda keçirilən yarışda 1-ci yerə çıxmaq lazım idi. 24 saat yuxusuz keçən günün sonunda jürilərin rəyinə əsasən bizim “Nexus” komandası qalib seçildi. Həmin gündən etibarən, hazırlaşmağa başladıq. UFAZ-ın dərs cədvəlinə rəğmən hər gün mümkün qədər vaxt sərf etməyə çalışırdıq. Bizim məsləhətçilər Pierre Collet və Cəsur Həsənovun inanılmaz köməyi və məsləhətləri nəticəsində təqdimatımızı və proyektimizi günü-gündən təkmilləşdirdik. Ən əsas fəaliyyət isə son 10 gündə baş verdi. Belə ki, sürəti artırmaq lazım idi. Komanda olaraq çox əziyyət çəkdik. Demək olar ki, istirahət günlərimiz yox idi. Və sonda uğurlu olaraq təqdimatımızı hazırlaya bildik.

 

Bu nailiyyət bizə çox əla hisslər yaşatdı. Hələ Fransada olanda bizim xəbəri artıq hər kəs paylaşmağa başladı. Universitetimiz tərəfindən xüsusi qayğı və dəstəyi hiss etmək bizi çox sevindirir. Əlbəttə ki, valideynləri yaddan çıxartmaq olmaz. Ailənin hər bir üzvünün məndən daha çox sevindiyini görürəm. Bunu görmək bizi həvəsləndirir və daha çox çalışmaq üçün səbəb olur. Yarışmadan sonra hər bir ölkənin iştirakçılarının bizə yaxınlaşıb təbrik etməyi və Azərbaycan haqqında maraqlanmaları bizi fərəhləndirirdi. 35 ölkə arasında Azərbaycan adını ucaltmaq çox böyük fəxr hissidir”.

 

O, UFAZ-dakı təhsilini əla qiymətlərlə bitirmək, həmçinin vətəndə yaxşı mütəxəssis olmaq üçün top universitetlərdən birində magistr təhsili almaq istədiyini sözlərinə əlavə edib.

 

“Mən Nexus-Azərbaycan komandamıza gətirdiyimiz təqdimatı təqdim etməkdən çox məmnunam”

 

 

Emin Xəlifəyev UFAZ-da “Kimya mühəndisliyi” ixtisası üzrə II kursda təhsil alır. Hazırda ADNSU-nun Neft Mühəndisliyi Cəmiyyətinin prezidenti kimi könüllüdür (SPE ADNSU). O söhbət əsnasında deyib: “Mühəndisliklə yanaşı, maşın öyrənməsi və dərin öyrənmə ilə məşğulam və “Süni İntellekt və Data Elmi” proqramını bitirmişəm. Əvvəllər “Sabahın alimləri X” və “Regeneron Beynəlxalq Elm və Mühəndislik Sərgisi 2022” kimi elmi müsabiqələrdə finalist olmuşam.

 

Bu layihə Fransanın İT şirkəti Sopra Steria tərəfindən təklif olunan çağırışa birbaşa cavabdır. ActlnSpace çərçivəsində təqdim edilən otuz digər problem arasında biz onu seçdik. Çünki o, aviasiya emissiyalarının 57% azalmasını hədəfləyir. Əvvəlki ilin noyabr ayından etibarən komandamız sıfırdan konsepsiya və biznes modelinin sübutunu hazırlamışdır.

 

Tədbir yüksək səviyyədə keçirildiyi üçün çox gərgin oldu. Bildiyiniz kimi, rəqiblərimiz dünyanın bir çox ölkəsindən finalçılar idi. Münsiflər heyətimiz CNES, ESA, Aersspace Valley, Airbus, EUSPA və digər şirkətlərin rəhbərlərindən ibarət idi. Və bütün bunlar Kanndakı Palais de Festivalsda baş verdi. Müsabiqənin ən çətin hissəsi investorları inandırmaqdır. Mən Nexus-Azərbaycan komandamıza gətirdiyimiz təqdimatı təqdim etməkdən çox məmnunam”.

 

Emin deyir ki, gələcəkdə mühəndislik və data elmləri üzrə təhsili ilə paralel olaraq layihənin inkişafı üzərində işləməyə davam edəcək.

 

“Böyük uğur qazandığımız üçün çox qürurluyuq”

 

Gülər İsmayılova UFAZ-da “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alır. IV kurs tələbəsinin uşaqlıqdan elmə, təhsilə marağı olub. Orta məktəbdə olimpiadalarda, ali məktəbdə isə müxtəlif müsabiqələrdə iştirak edib. Lakin beynəlxalq yarışlarda özünü sınamaq şansı olmadığını vurğulayan Gülər  İsmayılova deyir ki, ActlnSpace onun iştirak etdiyi ilk beynəlxalq yarışdır: “Mənim ixtisasım neft və qaz mühəndisliyidir və bununla əlaqədar olaraq da yer elmlərinə çox böyük marağım var. Bildiyimiz kimi, iqlim dəyişmələri son illərdə böyük problemlər yaradır. İndi bütün dünyada alimlər, mütəxəssislər bu problemlərdən çıxış yolu axtarır, qlobal istiləşmənin təsirlərini azaltmağa imkan verən elmi yanaşmalar, innovativ texnologiyalar ortaya qoymağa çalışırlar. Mən və komandam da biliklərimizdən istifadə edərək bu problemin həllinə töhfəmizi vermək qərarına gəldik. “ActlnSpace” layihəsi isə ideyamızı reallaşdırmaq üçün möhtəşəm platforma idi. Beləliklə, 2022-ci il noyabrın 19-da ölkəmizin müxtəlif universitetlərinin komandalarının qatıldığı, Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə keçirilən, Fransanın Kosmik Araşdırmalar üzrə Milli Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyinin (ESA) kosmik proqramlara həsr edilmiş beynəlxalq ActlSpace hakatonu başa çatdı. Və nəticə etibarilə bizim “Nexus” komandası qalib elan olundu. Biz Fransada keçiriləcək böyük finala vəsiqə qazandıq. Bilirdik ki, əgər Fransada yer tutmaq istəyiriksə, gərək bu ideyanı daha da təkmilləşdirək. Universitet professorumuz Pierre Collet və Cəsur Həsənovun köməyi və dəstəyi ilə bir neçə aya layihəmizi tamamladıq.

 

Fransanın Kann şəhərində keçirilən final yarışmasında 5 qitənin 35 ölkəsinin 66 şəhərinin komandaları yarışırdı. Bu ölkələr arasında Azərbaycanın, şəhərlər arasında Bakının da yer almasını təmin edə bildiyimiz üçün qürurlu idik. Qalırdı qələbə qazanb ölkəmizin adını yüksəklərə qaldırmaq. Biz bunu bacardıq! “Nexus”un təqdim etdiyi “Yanacaq sərfiyyatının səmərəliliyi və karbon emissiyalarını azaltmaq üçün uçuş trayektoriyalarını optimallaşdıran həll təklifi” ən innovativ layihə kimi həm ActlnSpace Beynəlxalq Finalında 1-ci yeri, həm də Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin  (EUSPA) xüsusi mükafatını qazandı. Onu da deyim ki, komandamız həm də EUSPA-nın xüsusi mükafatını qazandığı üçün iyun ayında layihəmizi Çexiyanın paytaxtı Praqa şəhərində keçiriləcək “EUSPA Sahibkarlıq Günü-2023” çərçivəsində əsas “Space VC” fondları qarşısında təqdim edəcəyik. Həmçinin komandamız “Airbus 310 Zero G” Qran-Pri mükafatını əldə edib.

 

Bu, heç də asan olmasa da, ölkəmiz, şəhərimiz, universitetimiz və komandamız adına belə böyük uğur qazandığımız üçün çox qürurluyuq. Ən əsası isə şəxsi planda belə bir təcrübə qazandığım üçün çox xoşbəxtəm”.

 

Gülər İsmayılova təhsilini yer elmləri üzrə davam etdirmək fikrindədir. O, 19 fevral tarixində magistratura imtahanında iştirak edərək yüksək nəticə əldə edib: “Düşünürəm ki, Azərbaycanda istədiyim universitetdə magistratura təhsili ala bilərəm. Bununla yanaşı, bir sıra nüfuzlu xarici universitetlərə də sənəd vermişəm, cavab gözləyirəm”.

 

“Qalib gəldiyimiz an anladım ki, zəhmət həmişə öz bəhrəsini verir”

 

 

Sənan Çaharkamadan da UFAZ-ın tələbəsidir. “Kimya mühəndisliyi” ixtisası üzrə IV kursda təhsil alan Sənan təəssüratlarını bölüşüb: “Əvvəllər tələbələr arasında bir neçə yarışmada iştirak etmişəm, lakin bu, belə yüksək dərəcədə iştirakım ilk idi. Fikir bizə hakaton gecəsi gəldi. Yuxusuz gecələr keçirdik, bu layihə üzərində çox işlədik, sonra isə saysız-hesabsız günlərlə finala hazırlaşdıq. Mənim üçün həqiqətən maraqlı təcrübə oldu. Qalib gəldiyimiz an anladım ki, zəhmət həmişə öz bəhrəsini verir. Komanda yoldaşlarımla birlikdə çox qürurlu anlar yaşadıq. Ölkəmizi bir çox dövlətlər arasında layiqincə təmsil etdik. Çoxlu insanlarla tanış olmaq imkanımız yarandı. Növbəti hədəflərimə doğru addımlamaqda mənə stimul oldu. Gələcəkdə magistratura təhsilimi davam etdirməyi və nəhayət, PhD dərəcəsinə yüksəlməyi planlaşdırıram. İxtisasım kimya mühəndisliyi üzrə yox, hesablama elmləri üzrə davam etdirmək fikrindəyəm”.

 

 

 

 

“Qələbəmiz hər bir komanda üzvünün zəhmətinin, fədakarlığının və yaradıcılığının göstəricisi idi”

 

Araz Şəfiyev “Geofizika mühəndisliyi”ndə IV kurs tələbəsidir. İndiyə kimi bir neçə yerli yarışlarda iştirak etdiyini, onlardan birinin “Caspian Energy Summit” adlı müsabiqə olduğunu bildirir: “Bu müsabiqədə komanda ilə işləmək və ideyalarımızı münsiflər heyətinə təqdim etmək üçün əla fürsət idi. İştirak etdiyim ilk beynəlxalq hakaton isə ActInSpace idi. ActInSpace dünyanın hər yerindən insanlarla əməkdaşlıq etmək və real problemlərə həll yolu tapmaq üçün fantastik təcrübə idi. Ümumiyyətlə, inanıram ki, mənim belə layihələrdə iştirakım bacarıqlarımı inkişaf etdirməyə və yeni şeylər öyrənməyə kömək edir. Gələcəkdə daha çox layihə və müsabiqələrdə iştirak etməyi səbirsizliklə gözləyirəm.

 

Üzərində işlədiyimiz layihə əslində seçdiyimiz şirkət tərəfindən verilmiş bir çağırış idi. Bizə verilən problemin həll yolunda çoxlu potensial gördük və bunun həlli yollarını inkişaf etdirməyin mümkün olduğunu hiss etdik. Azərbaycanda 24 saat davam edən hakaton zamanı komandamız problemin həll yolunu hazırlamaq üçün yorulmadan çalışdı. Biz bu layihə üzərində universitetimiz UFAZ-da işlədik və həm innovativ, həm də effektiv həll yolu təqdim edə bilmək üçün çox çalışdıq. Ölkə üzrə hakatonun qalibi olduqdan sonra Fransaya səyahət etmək və Azərbaycanı beynəlxalq müsabiqədə təmsil etmək şansımız oldu. Müsabiqədən əvvəl biz layihəmiz üzərində daha çox işlədik, və mentorlarımız Cəsur Həsənov və Pierre Colletin köməyi ilə onu təkmilləşdirdik. Layihəmizin digər layihələr arasında ən yaxşısı olduğuna əmin olmaq üçün çoxlu tədqiqatlar apardıq və yuxusuz gecələr keçirdik”.

 

O, qalib komanda olaraq çox xoşbəxt olduğunu və Azərbaycanı beynəlxalq hakatonda təmsil etdikləri üçün qürur duyduğunu dilə gətirib: “Qlobal auditoriyaya innovativ həllimizi nümayiş etdirmək imkanı əldə etmək “Nexsus” komandamız üçün böyük şərəf idi. Qələbəmiz hər bir komanda üzvünün zəhmətinin, fədakarlığının və yaradıcılığının göstəricisi idi. Mənim əla komandam var və inanıram ki, uğurumuz birgə işləməyimizin və güclü ünsiyyətimizin nəticəsidir. Biz effektiv əməkdaşlıq edərək və hər bir komanda üzvünün güclü tərəflərindən istifadə edərək hərtərəfli həll yolu tapa bildik. Ümumiyyətlə, bu, komanda işinin gücünə və texnologiyanın real problemlərin həllinə göstərə biləcəyi təsirə görə mənə inanılmaz təcrübə oldu”.

 

Gələcək planlarına gəldikdə isə Araz hazırda istər Azərbaycanda, istərsə də xaricdə magistr təhsili almağı düşünür.O inanır ki, təhsilini davam etdirmək ona biliklərini genişləndirmək, yeni bacarıqlar inkişaf etdirmək və maraqlandığı sahəni daha dərindən dərk etmək üçün yeni imkanlar verəcək.

 

Tünzalə QULİYEVA