Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Yeni Azərbaycan Partiyası BMU ərazi partiya təşkilatı ilə birgə gerçəkləşdirilən mərasimdə şəhid ailələri, qazilər, universitetin müəllim və tələbə heyəti iştirak edib.

 

“Xocalı-əsrin faciəsi” adlı videoçarxın nümayişindən sonra çıxış edən BMU-nun rektoru professor Havar Məmmədov son iki əsrdə ermənilərin ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya, etnik təmizləmə siyasəti apardıqlarını önə çəkib və tarixi faktları vurğulayıb. Xocalıda dinc əhaliyə qarşı xüsusi amansızlıqla törədilmiş dəhşətli genosiddən danışan H.Məmmədov həmin vaxt Xocalıdakı özünümüdafiə qüvvələrinin son nəfərinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdiyini söyləyib. Xocalıya heç bir kömək olmadığından həmin əhalinin böyük bir hissəsinin erməni vəhşiliyinin qurbanı olduğunu deyən və o dövrdəki hakimiyyətin səriştəsizliyindən bəhs edən rektor ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini nəzərə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımı haqqında beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması yönündə aparılan işləri xatırladan H.Məmmədov xüsusilə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun soyqırım haqqında faktların dünyaya çatdırılması istiqamətindəki sistemli və ardıcıl fəaliyyətinin nəticələrini sadalayıb. 

 

Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi kütləvi cinayətlər sırasında Xocalı soyqırımının öz qəddarlığı ilə xüsusi seçildiyini diqqətə çatdırıb. İcra hakimiyyətinin başçısı hadisələrin beynəlxalq müstəvidə lazımınca qiymətləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımlardan, Vətən müharibəsində qazanılan tarixi qələbə ilə alınan qısasdan, eyni zamanda, Prezident İlham Əliyevin tapşırıqları əsasında dövlət səviyyəsində müharibə əlilləri, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan danışıb.

 

Millət vəkili Fazil Mustafa erməni millətçilərinin məkrli və planlı siyasəti nəticəsində zaman-zaman xalqımıza qarşı davamlı, mərhələli, kütləvi qırğınlar törədildiyini önə çəkib. Bütün bu soyqırım aktlarının baş verməsində həmin dövrlərdə dövlətin zəifliyinin böyük rol oynadığını deyən F.Mustafa indiki güclü Azərbaycan dövlətinin daha da qüdrətlənməsi üçün hər bir fərdin üzərinə düşən vəzifələrə də toxunub.  

 

Millət vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən ermənilərin azərbaycanlıları dəfələrlə öz doğma yurdlarından zorla köçürülməyə məruz qoyduğunu bildirib.

 

Vətən müharibəsi qazisi Vasif Allahverdiyev ermənilərin tarix boyu yürütdüyü alçaq siyasət nəticəsində xalqımızın yaddaşında böyük genosidlərdən ibarət qanlı səhifələr açıldığını, Xocalı da daxil olmaqla, bu faciələrin heç zaman unudulmayacağını bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Şanlı Zəfərə gedən yol və rəşadətli ordumuzun qüdrətindən söz açan Vətən müharibəsi qazisi gənclərimizə hər zaman Vətəni sevməyi və dövlətə sədaqətli olmağı tövsiyə edib.

 

Tədbir BMU tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.