Naxçıvan Dövlət Universitetində (NDU) “Qlobal transformasiyalar və ali təhsildə verilənlərə əsaslanan strateji idarəetmə” adlı vebinar təşkil edilib. Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Adəm Kalınlının keçdiyi vebinarda NDU-nun tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov Türkiyə universitetləri ilə qurulan beynəlxalq əməkdaşlıq münasibətlərindən danışıb.

 

Sonra NDU-nun İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli qonaq haqqında ümumi məlumat verib. Bildirib ki, Orta Doğu Texniki Universitetinin professoru Adəm Kalınlı kompüter mühəndisliyi sahəsi üzrə müəllimdir, onun elmi işləri əsasən süni intellekt metodları və tətbiqlərini əhatə edir:”Hazırda Yaxın Şərq Texniki Universitetində Korporativ Məlumatların İdarə Edilməsi üzrə Koordinator vəzifəsində çalışır. 16 ildən artıqdır ki, ali təhsil siyasəti, layihə proseslərinin, tədqiqatların, performansın, ali təhsildə məlumatların idarə edilməsi, universitetlərin sıralama sistemləri və açıq elm mövzuları üzərində işləyir”.

 

Professor Adəm Kalınlı Türkiyədə fəaliyyət göstərən universitetlərin elmi potensialı, dünya reytinq sıralamalarında irəliləmələrində professor-müəllim heyətinin elmi nəşrlərinin xüsusi payı olduğunu vurğulayıb. A.Kalınlı Türkiyə universitetləri professorlarının beynəlxalq indeks bazalarında nəşr olunan elmi məqalələrini ilbəil artım dinamikasına görə qiymətləndirib, həmçinin doktorantura təhsilinə dair məqamlara diqqət çəkib. Professor Azərbaycan universitetlərində mövcud olan elmi potensialı dəyərləndirərək qeyd edib ki, professor-müəllim heyəti beynəlxalq indeks bazalarına malik nəşrlərə üstünlük verməli, bu cür elmi bazalarda məqalə nəşrinin sayı artırılmalıdır.  

 

İllik akademik performansın qiymətləndirilməsi, universitetlərin idarəetmə prinsipləri, institusional təcrübə nümunələri, ali təhsildə məlumatların idarə edilməsi, verilənlərə əsaslanan strateji idarəetmə, institusional səviyyəli tövsiyələr, elmi nəşrlərin təşviqi və tətbiqinə dair məsələlər vebinar iştirakçılarının diqqətinə çatdırılıb.

 

Sonda professora universitetin rektoru Elbrus İsayev tərəfindən “Təşəkkürnamə” təqdim edilib.