Naxçıvan Dövlət Universitetində magistrantların elmi-tədqiqat, bakalavrların isə istehsalat və pedaqoji təcrübələrinin başlanğıc konfransları baş tutub.

 

Bu münasibətlə keçirilən tədbirlərdə magistrantların elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsində təcrübənin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, magistratura təhsil pilləsində oxuyan II kurs magistrantlar yaz semestrində 4 həftəlik elmi-tədqiqat təcrübəsi keçəcəklər. Vurğulanıb ki, elmi-biblioqrafik axtarışın təşkilində istifadə olunan üsullar və formalarla tanış olunması, aktual elmi problemlərin müəyyən edilməsi və onların tədqiq edilməsində təcrübə toplanması, elmi-tədqiqat proqramlarının işlənməsi və yerinə yetirilməsinin təşkili, tədqiqat nəticələrinin analiz edilməsi, təşkilatlarda layihələrin qruplar tərəfindən yerinə yetirilməsinin idarəetmə mexanizmlərinin mənimsənilməsi, magistrlik dissertasiyasının yerinə yetirilməsi üçün lazım olan materialların toplanması elmi-tədqiqat təcrübəsinin əsas vəzifələridir.

 

Tələbələrlə təşkil olunan görüşdə diqqətə çatdırılıb ki, həm pedaqoji, həm də istehsalat təcrübəsi tələbələrin yüksək səviyyəli mütəxəssislər kimi yetişmələrinə xidmət edir. Qeyd edilib ki, təcrübələr muxtar respublikanın ali və orta ixtisas təhsil müəssisələri və digər dövlət orqanları ilə sıx əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda təcrübələr gələcəyin peşəkar kadrlarının bu peşəyə layiqlik dərəcəsi və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsi, həmçinin mütəxəssis, pedaqoq hazırlığı formalarından biridir.

 

Qeyd edək ki, universitetin əyani şöbəsində istehsalat təcrübəsi üzrə 29 ixtisasdan 442 tələbə 31 müəssisə və təşkilatda 54 metodistin nəzarəti altında təcrübə keçəcək. Pedaqoji təcrübə üzrə isə 17 ixtisasdan 397 tələbə muxtar respublikanın 16 məktəbində  və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində 74 metodistin  nəzarətində təcrübələrini davam etdirəcək.