Sabahın alimləri iqtisadi cəhətdən səmərəli, ekoloji cəhətdən effektiv layihələrini yarışdırdılar
Fevralın 13-15-də “Sabahın alimləri” XII respublika müsabiqəsi keçirilib. Müsabiqə Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası, həmçinin “bp-Azərbaycan” şirkətinin təşkilatçılığı ilə baş tutub.
Sayca XII olan növbəti elm yarışına məktəblilər 8 istiqamət üzrə qatılıblar. 3 gün ərzində Azərbaycan məktəblilərinin riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri üzrə təqdim etdikləri elmi-tədqiqat layihələri dəyərləndirilib. Müsabiqə üzrə qeydiyyatdan keçən 486 layihədən 163-ü sərgidə iştirak etmək hüququ qazanıb. Nəticədə I, II və III yerlərə layiq görülən layihələrin müəlliflərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, müsabiqə iştirakçılarının hər birinə isə sertifikatlar təqdim olunub.
Müsabiqə uğurla davam edir
“Sabahın alimləri” müsabiqəsi 2012-ci ildən bəri keçirilir. Ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri əhatə edir. Əsas məqsədi məktəbliləri elmi axtarışlara sövq etmək, onların elmi və yaradıcılıq fəaliyyətini stimullaşdırmaqdır. Müsabiqə yolu ilə şagirdlərdə tənqidi düşünmə, problem həlletmə, vaxtın idarəedilməsi, natiqlik və ünsiyyət kimi müxtəlif bacarıqlar inkişaf etdirilir. Bu elm yarışı həm də ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirməyə xidmət edir. Bu yolla məktəblilərimizin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsi təmin edilir.
Müsabiqənin şagirdlərimizin taleyində mühüm rol oynayan əsas nəticəsi isə Amerikada daha bir yarışa qatılmaq imkanıdır. Belə ki, yüksək elmi tədqiqat nəticələri əldə edən şagird bununla, sadəcə elmi-tədqiqat işinə meyili və yaradıcılıq potensialını sübut etmir, həm də ABŞ-da keçirilən İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəsini, məktəbini, sinfini təmsil edir.
“Bir ölkənin təhsil sistemində 100 mindən çox uşaq elmlə maraqlanırsa...”
Müsabiqənin həm açılış, həm də bağlanış mərasimlərinə qatılan elm və təhsil naziri Emin Əmrullayev məktəblilər arasında keçirilən bu yarışın əhəmiyyətinə toxunaraq bildirib ki, şagirdlər arasında mühəndislik, riyaziyyat, fizika və kompüter elmlərinə maraq ildən-ilə artır. Bu da I ixtisas qrupunda rəqabətin artması ilə nəticələnir: “Mühəndislik ixtisasları üzrə qəbul olunmaq istəyənlər yüksək bal toplayır və onların hesabına riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alanların da balı artır”.
Nazir müsabiqə çərçivəsində STEAM yönümlü layihələrin üstünlük təşkil etdiyini vurğulayıb ki, bunu da məqsədyönlü işin nəticəsi hesab edib: “Ölkə rəhbərinin tapşırığı və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə 4 ildir ki, “STEAM” layihəsini həyata keçiririk. STEAM İnnovasiya Mərkəzinin açılışı oldu, Bakıda beynəlxalq “STEAM” festivalı keçirildi və həmin tədbirdə elmlə maraqlanan şagirdlərimizi yaxından tanımaq imkanı yarandı. Bu il 100 mindən artıq şagirdi STEAM ixtisaslı siniflərdə təhsilə cəlb etmişik. Bir ölkənin təhsil sistemində 100 mindən çox uşaq elmlə maraqlanırsa, düşünürəm ki, həmin ölkənin gələcəyi pis olmamalıdır. Ancaq bir şərtlə ki, bu proses davamlı olsun”.
Nazir qeyd edib ki, bu sahədə aparılan işin nəticəsi bir neçə ilə görünəcək: “STEAM dərslərinin 5-6-7-ci siniflərdə keçildiyini nəzərə alsaq, prosesin əmək bazarında təsirini 5-6 ildən sonra görəcəyik”.
Məktəblilərimizin son illərdə həm ölkə əhəmiyyətli, həm də beynəlxalq yarışlarda göstərdiyi nəticələrə diqqət çəkən nazir Azərbaycan məktəblilərinin qatıldıqları olimpiadalardan əliboş qayıtmadığını vurğulayıb: “Ümumdünya riyaziyyat olimpiadasında şagirdlərimiz 34-cü yeri tutdular. 200-ə yaxın ölkə arasında bu, çox yaxşı nəticədir. Çalışmalıyıq ki, olimpiada qalibləri ölkədə qalıb öz töhfələrini versinlər. Ancaq onların çoxu ya Dövlət Proqramı ilə, ya da universitetlərin dəvəti ilə təhsil almaq üçün xaricə üz tuturlar. Bu, özlüyündə pis xəbər deyil, bir şərtlə ki, həmin kadrlar təhsillərini başa vurandan sonra ölkəmizə dönmək istəsinlər. Düşünürəm ki, bunun üçün hələ çox iş görməliyik”.
Emin Əmrullayev “ActInSpace-2022” Azərbaycan hakatonunun qalibi olan UFAZ-ın “Nexus” komandasının uğuruna da toxunaraq “Sabahın alimləri” müsabiqəsinin qaliblərinin bu uğurları davam etdirəcəklərinə inamını ifadə edib: “Fransanın Kann şəhərində keçirilən “ActInSpace” Beynəlxalq Finalında 1-ci yeri qazanan UFAZ tələbələri Ömər Nuruzadə, Emin Xəlifəyev, Gülər İsmayılova, Sənan Çaharkama və Araz Şəfiyevdən ibarət “Nexus” komandası yanacaq sərfiyyatının səmərəliliyi və karbon emissiyalarını azaltmaq üçün uçuş trayektoriyalarını optimallaşdıran həll təklif edib və qalib olaraq “Airbus 310 Zero G” Qran-Pri mükafatını - çəkisizlik şəraitində uçuş imkanı əldə ediblər. “ActInSpace” Fransa Milli Kosmik Araşdırmalar Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyi (ESA) tərəfindən təşkil olunan kosmik texnologiyaların cəmiyyət üçün istifadəsini nəzərdə tutan beynəlxalq hakatondur. “Nexus” bu il yarışmada 35 ölkənin 66 şəhərini təmsil edən komandalar sırasında qalib olub. Əminəm ki, “Sabahın alimləri” müsabiqəsinin bugünkü qaliblərinin də gələcəkdə belə uğurlu qələbələrinin şahidi olacağıq”.
Ölkəmizi Amerikada təmsil edəcək şagird gələn həftə seçiləcək
Onlar bu il elm dünyasında özlərinə cığır açan məktəblilərimizin, sadəcə bir neçə nəfəridir. Aralarında fərqlənən, sabahın parlayan ulduzuna çevriləcək çox namizəd var. Elə həmin fərqlənənlərdən biri də bir neçə ay sonra ölkəmizi Amerikada təmsil edəcək. Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Azərbaycan müəllimi”nə bildirib ki, İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndəriləcək məktəblilər növbəti həftə seçiləcək.
Hibrid formalı enerji sistemlərini ağıllı nəqliyyat texnologiyasına tətbiq etdilər
Müsabiqə birincilərindən olan Aysan Hacıyeva “Gənc istedadlar” liseyində XI sinifdə oxuyur. Müsabiqəyə fizika kateqoriyasında sinif yoldaşı Misir Hüseynli ilə “Triboelektrik nanogenerator əsasında hibrid formalı enerji sistemlərinin ağıllı nəqliyyat texnologiyasına tətbiqi” layihəsilə qatılıb: “Aylardır istər araşdırması, istər quraşdırması, istərsə də, fikir mübadiləsində əmək, əziyyət, vaxt sərf edirik. Çox zəhmət tələb edən bir iş idi. Bunun öhdəsindən gəldiyimiz üçün çox sevinirəm. Qaliblər sırasında adımızı eşidəndə inana bilmədim. Zəhmətimiz yerdə qalmadığı üçün özümüzü çox xoşbəxt sayırıq”.
Ötən il müsabiqədə biologiya-genetika üzrə iştirak edən Aysan II yeri tutub. XI sinif şagirdi birinci olmaq üçün bu son şansını dəyərləndirməyi çox istəyib və bunu bacarıb: “Tibb Universitetində təhsil almaq və həkim olmaq istəyirəm. Elm sahəsinə də çox böyük marağım var. Ötən il genetika, bu il fizika... davam etdirməyi düşünürəm. Həyatda 3 əsas hədəfim var: birincisi, yaxşı insan olmaq, kim olduğumu tapmaq, həyatın fərqində olmaqdır. İkincisi, dayanmamaq və daim kəşf etməkdir. Üçüncü hədəfim isə yardım etməkdir. Tanımadığımız bir insanın əlindən tutmaq ona, hətta bizim özümüzə nə qədər yaxşı təsir edir”.
İnsan həyatını dəm qazı təhlükəsindən xilas edəcək
Cahandar Əhmədi və Nihad Süleymanov Bakı Avropa Liseyinin şagirdləridirlər. Müsabiqənin nəticələrinə görə II yerə layiq görüldülər. Onlar bu yarışa Fizika-Astronomiya istiqaməti üzrə qatılmışdılar: “Smart dəm qazı detektor sistemi” hazırlayaraq insan həyatını dəm qazı təhlükəsindən xilas etməyə nail olublar.
“Layihəmizin iş prinsipi fizikaya əsaslandığından bu kateqoriyada yarışa qatıldıq”, - deyən məktəblilər bu layihənin həm də təşəbbüskarıdırlar: “Hər gün mətbuatda dəm qazından kimlərinsə öldüyünü görürdük. Bu problemə çarə tapmaq istədik və layihəyə belə başladıq. Məqsədimiz bu problemi birdəfəlik həll etmək idi. Sonra müsabiqə barədə öyrəndim və layihəmizi müsabiqəyə təqdim etmək qərarına gəldik. Düşünürəm ki, bu müsabiqə həm layihəmizə, həm də problemə diqqəti cəlb edəcək”.
İqtisadi cəhətdən səmərəli, ekoloji cəhətdən effektiv
Xırdalanda fəaliyyət göstərən Abşeron “Zirvə” liseyinin IX sinif şagirdi Davud Rüstəmov “Sabahın alimləri” XII respublika müsabiqəsində “Elektrik enerjisinin simsiz ötürülməsi” layihəsi ilə çıxış edib. Son 2 ilini bu işə həsr edən məktəblimiz eyni layihə ilə ötən il müsabiqənin final mərhələsinədək gəlib. Amma layihəsini tamamlaya bilmədiyindən qalib ola bilməyib. Bu il isə əldə etdiyi elmi nəticə onu uğurun zirvəsinə daşıyıb. Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi Zəhra Qurbanova ilə birgə çıxışı müsabiqədə III yerə layiq görülüb. “Layihəmizin indiyədək görülən bir çox işlərdən üstünlüyü ondadır ki, asan tətbiq edilir, səssiz işləyir, iqtisadi cəhətdən səmərəli, ekoloji cəhətdən effektivdir”, - deyir.
Ruhiyyə DAŞSALAHLI