Azərbaycan qardaş Türkiyəyə yardım göstərən ölkələr sırasında ön cərgədə dayanır


Cümhuriyyətin qurulmasının 100 illiyinə gözəl ideyalar, əhəmiyyətli layihələrlə töhfə verməyi planlayarkən, Türkiyə təbiətin amansız çılğınlığı nəticəsində böyük bir acı ilə, dəhşətli insan faciələri ilə üzləşdi- bir əsrlik tarixinin ən vahim, ən qəddar zəlzələ fəlakətini yaşadı. Ölkənin 10 əyaləti ciddi dağıntılar altında yaşanılması çətin bir insan məskəninə çevrildi. Binalar uçdu; infrastruktur dağıldı, insanların ailəsi yox oldu; uşaqlar valideynsiz, valideynlər övladsız qaldı! Milyonlarla insan isti ocağından, evindən məhrum oldu. Tələffüz edilməsi çətin ölüm və yaralı statistikası meydana çıxdı. Türkiyə böyük humanitar fəlakətin içərisinə girdi. Kəlmələrin aciz qaldığı bir Türkiyə faciəsi yaşandı.

 

Artıq həftələrdir, bütün dünyanın gündəmi Türkiyədir. Hər yerə sevgi və mərhəmətlə gedən, zülm, haqsızlıq, ehtiyac olan yerdə hər zaman vicdanı sızlayan Türkiyə bu gün üzləşdiyi fəlakətlə dünyanın dörd bir tərəfində yaşayan insanların vicdanını sızlatdı, onların zehnində, qəlbində, dualarında oldu.

 

Ortada dağıntılar altında qalan insan faktoru var idi və bu faktor o qədər acıvericidir ki, bütün dövlətləri, insanları Türkiyə üçün dərhal səfərbər etdi.

 

İnsanın içində mərhəmət duyğusunun var olması gözəldir, çünki bunun sayəsində neçə-neçə insanın həyatının qurtarılmasına dəstək güclənir, böyük acılar xəfifləyir, dərin yaralar sarınır. Dünya dövlətlərinin uzanmış yardım əli, bölgədə çətin şərtlər altında aparılan xilasetmə işləri inanılmaz  fədakarlıq nümunələri yaratdı. Dağılmış qəsəbələr, kəndlər, dağıntının olduqca qüssəli mənzərəsi, üstəlik, sərt iqlim şərtləri - bumbuz hava, qar, şaxta, qaz və işığın olmaması, kommunikasiya əlaqələrinin çökməsi insanı daha da tükəndirir, ümidsizləşdirirkən, dünyanın uzanan qayğıkeş əli, dörd bir tərəfdən köməyə gələn xilasetmə qrupları, rəqəmlərə sığmayan humanitar yardımlar Türkiyənin fəlakət bölgəsinə güclü bir istilik, ruhi möhkəmlik gətirdi.

 

Azərbaycan Türkiyəyə dəstək verən ölkələrin ön sırasında getdi. Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdı, Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində oldu, zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi.

 

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində bununla bağlı paylaşım etdi. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu bütün imkanları ilə  yardım kampaniyasına qoşuldu.

 

Özəl sektor öz dəstəyini əsirgəmədi. Həm maddi yardım, həm texniki yardım göstərməyə başladı. Azərbaycanın ən böyük şirkəti olan SOCAR öz dəstəyini verdi.Ölkəmizin xəstəxanaları yaralılar üçün hazır vəziyyətə gətirildi. Naxçıvanda çarpayılar ayrıldı.

 

Hadisə baş verən an Azərbaycandan əvvəlcə 7 təyyarə və 1 avtomobil karvanı zəlzələ bölgəsinə göndərildi. Sonra Fövqəladə Hallar Nazirliyinin 168 nəfərlik şəxsi heyəti fəlakət zonasına getdi. Növbəti gün nazirliyin 233 nəfərlik şəxsi heyəti bölgəyə yollandı və xilasetmə avadanlıqları çatdırdı. O biri gün üçüncü təyyarə nazirliyin 21 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını Türkiyəyə təhvil verdi. Azərbaycandan gedən dördüncü təyyarə 41 nəfərlik tibbi heyəti və mobil səhra hospitalına aid 4 konteyneri bölgəyə apardı. Beşinci təyyarə səhra hospitalı üçün 3 konteyner və FHN-in şəxsi heyətinin təminatı üçün yükləri götürdü. Altıncı təyyarə FHN-in 4 nəfər şəxsi heyəti və şəxsi heyətin təminatı üçün ərzaqlar və humanitar yardım çatdırdı. Yeddinci təyyarə FHN-in 229 nəfərlik şəxsi heyətini, xilasetmə avadanlıqlarını və FHN-in şəxsi heyəti üçün təminat vasitələrini apardı.14 yük avtomobilindən ibarət karvan 29 nəfərlik şəxsi heyəti, 4 səhra mətbəxini, humanitar yardımı və FHN-in şəxsi heyətinin təminatını Türkiyəyə çatdırdı.

 

Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərildi. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat, avadanlıqlar, isti geyimlər, çadırlar daxil idi. Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verildi. Zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə Naxçıvandan ilkin olaraq 12 TIR yola salındı. Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaratdılar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərdilər. Prezident İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixindən etibarən Kahramanmaraşda fəaliyyətə başladı. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olundu.

 

Ali təhsil müəssisələrində tələbə və əməkdaşlar arasında yardım kampaniyası təşkil olundu. Azərbaycan vətəndaşları tərəfindən maddi vəsait və ianələr şəklində dəstək göstərildi.

 

Bu dəstək təbii ki, davam edir. Çünki bölgə elə bir fəlakətin içərisindədir ki, qarşıda görüləcək işlər hələ kifayət qədər çoxdur və Azərbaycan zəlzələ ilə sarsılmış Türkiyəyə lazım olan hər cür dəstəyini davam etdirəcək.

 

Bütün bunları etnik kökümüzün birliyi, ortaq tariximiz, qardaşlığımız tələb edir. Həm də II Qarabağ müharibəsindən Türkiyəyə bitməyən bir mənəvi borcumuz var. Türkiyənin siyasi, mənəvi baxımdan Azərbaycanın yanında olması, Prezident Rəcəb Tayyib Ərdoğanın həmin vaxt bütün kürsülərdə Azərbaycanın bir haqq savaşına girdiyini, bu savaşın sonunda təcavüzkarın məğlub olacağını dünyaya uca səslə çatdırdığını, Zəfərimizə verdiyi töhfəni, bəzi xarici dövlətlərin ədalətsiz davranışları qarşısında bizim üçün qalxan, zireh rolunu oynamasını unutmadıq. Biz Türkiyəni Azərbaycanın Qarabağ yarasının közünü həmişə özündə hiss edən bir ölkə kimi gördük. Türkiyənin yaralarını da eynən biz özümüzünkü kimi hiss etdik. Bu, hər zaman belə oldu: Türkiyənin sərhədlərində terrorçularla gedən savaşda mehmetçik şəhid olanda da! Daşqınların yaratdığı tragik vəziyyətdə də! Dəhşətli meşə yanğınlarında da! Nəhayət, əsrin dəhşətli zəlzələsində də! Könül zənginliyimiz çətin dönəmdən keçən Türkiyənin bu yaralarını da mütləq sağaldacaqdır! 

 

Vəfa ALLAHVERDİYEVA