Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) magistrantların Elmi-tədqiqat təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib.

 

Açılış nitqi ilə çıxış edən rektor professor Cəfər Cəfərov təcrübəyə başlayacaq tələbələrə uğurlar arzulayaraq qeyd edib ki, son dövrlərdə universitetdə ali təhsilin bütün sahələri üzrə kadr hazırlığında əsaslı irəliləyiş müşahidə olunur, dövrün trendlərinə uyğun olaraq yeni ixtisaslar yaradılır. Rektor qeyd edib ki, “Təhsilin təşkili və idarə olunması (MBA)” və “Təlim və tədrisin təşkili və metodikası (SABAH)” magistratura ixtisaslaşmaları üzrə bu il ilk buraxılışlar olacaq və hər iki ixtisaslaşma üzrə ilk elmi-tədqiqat, istehsalat təcrübəsi təşkil olunur.

 

Çıxış edən elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov vurğulayıb ki, universitetdə magistr hazırlığının keyfiyyətini artırmaq məqsədi ilə artıq ikinci ildir, magistrantların xarici ölkə universitetlərində də təcrübə keçməsinə başlanılıb. Prorektor bildirib ki, magistrantların dissertasiya mövzuları arasında ali təhsilin idarəolunmasının aktual məsələlərinə xüsusi yer verilir və universitetin rəhbər heyəti şəxsən bu mövzulara elmi rəhbərlik edir.

 

Elmi-tədqiqat təcrübəsinin təşkili barədə geniş məlumat verən Magistratura və doktorantura şöbəsinin müdiri  Rəşad Sadıqov qeyd edib ki, 2022-2023-cü tədris ilində ümumilikdə 22 ixtisas üzrə 26 ixtisaslaşmada təhsil alan  290 nəfər II tədris ilinin magistrantı ADPU-nun 23 kafedrasında və müvafiq qurumlarda elmi-tədqiqat, istehsalat təcrübəsində iştirak edəcək.

 

Şöbə müdiri deyib ki, “Təhsilin təşkili və idarə olunması (MBA)” və “Təlim və tədrisin təşkili və metodikası (SABAH)”, “Təhsildə monitorinq və qiymətləndirmə” və “Təhsil menecmenti” ixtisaslaşmaları üzrə təhsil alan tələbələrin təcrübələrində müəyyən fərqlər də olacaq, onlar tədqiqat layihələrində iştirak edəcəklər.

 

Qeyd edək ki, elmi-tədqiqat təcrübəsi 16 fevral-16 mart 2023-cü il tarixləri aralığında 4 həftə davam edəcək.  Elmi-tədqiqat təcrübəsinin 25%-dən çoxunda iştirak etməyən magistrant təcrübədən keçməmiş hesab olunacaq.