Naxçıvan Müəllimlər İnstitutunda ictimai əsaslarla yaradılan Təhsildə Sosial-Psixoloji Xidmət mərkəzinin təqdimat tədbiri keçirilib.

 

İnstitutun rektoru Azad Novruzovun rəhbərliyi ilə keçirilən tədbirdə pedaqogika və psixologiya kafedrasının psixologiya üzrə mütəxəssisləri, Naxçıvan Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin psixoloqları və Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə magistratura səviyyəsində təhsil alan tələbələr iştirak ediblər.

 

Tədbirdə Təhsildə Sosial-Psixoloji Xidmət mərkəzinin yaradılması zərurətinə toxunan rektor bildirib ki, həm kadr potensialı, həm də maddi-texniki baza belə bir mərkəzin yaradılmasına imkan verir.

 

Mərkəz pedaqogika və psixologiya kafedrası ilə əlaqəli fəaliyyət göstərərək institutda həm bakalavriat, həm də magistratura səviyyələrində Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan tələbələrin tədqiqat əsaslı praktik fəaliyyətinin gücləndirilməsi, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəb psixoloqlarına işlərini günün tələbləri səviyyəsində qurması üçün vahid mərkəz əsaslı metodiki dəstəyin göstərilməsinə xidmət edəcək. Eyni zamanda, məktəbdə psixoloji xidmətin səmərəliliyinin artırılması, təhsilalanlara daha əsaslı psixoloji dəstəyin göstərilməsi üçün onların psixoloji vəziyyətinin, təhsil fəaliyyətinin, sosial-mənəvi problemlərinin öyrənilməsi, proqressiv psixi inkişafını, meyil, maraq və potensialının reallaşdırılmasını, habelə mümkün psixi pozuntuların profilaktikasını təmin etmək məqsədilə nəzəri və praktik təcrübələrə əsaslanan tədqiqatlar aparmalarının təmin edilməsi, həmçinin koordinasiyasını yerinə yetirəcək.

 

İnstitutun tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev bildirib ki, mərkəzdə ilkin mərhələdə dörd istiqamət üzrə dəstəyin göstərilməsi nəzərdə tutulub. Bunlar “İnkişaf və yaş psixologiyası”, “Psixodiaqnostika və psixokorreksiya”, “Korreksiyaedici təlim”, “İnklüziv təhsil” istiqamətləridir.

 

Tədbirin sonunda iştirakçılar Təhsildə Sosial-Psixoloji Xidmət mərkəzi ilə tanış olublar.