Gənclər və idman naziri Fərid Qayıbov Lənkəranda tələbə gənclərlə görüşüb. Lənkəran Dövlət Universitetinin (LDU) akt zalında keçirilən görüşdə LDU-nun və universitetin nəzdində fəaliyyət göstərən  Sosial  və Aqrar -Texnoloji Kollecin,  Lənkəran Tibb Kollecinin tələbələri iştirak ediblər.

 

LDU-nun sosial məsələlər üzrə prorektoru, professor Kamran Kazımov nazir  Fərid Qayıbova tələbələrlə görüşə vaxt ayırdığına görə minnətdarlığını bildirib.

 

Gənclər və idman naziri  Fərid Qayıbov müasir Azərbaycanda aparılan gənclər siyasətindən, bu istiqamətdə qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən söz açıb,  gəncləri açıq söhbətə, səmimi dialoqa dəvət edib.

 

Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə şəhid tələbələrin xatirələrinin əbədiləşdirilməsi, gənclərin asudə vaxtlarının təşkili, məşğulluğunun təmini, idman sahəsində işlərin canlandırılması, bölgələrin idman qurğuları ilə təminatı, bu istiqamətdə işlərin müasir tələblər səviyyəsinə çatdırılması,  gənclər düşərgələrinə bölgələrdə yaşayan gənclərin daha çox cəlb edilməsi, sosial şəbəkələrdən düzgün istifadə, erkən nikahların doğurduğu fəsadlar, gender bərabərliyinin qorunmasının vacibliyi, gənclərdə mütaliə vərdişlərinin aşılanması,  narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və sair barədə geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.