Sentyabrın 26-da Milli Olimpiya Komitəsində Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının iştirakı ilə məktəblər arasında idman növləri üzrə respublika çempionatının keçirilməsi haqqında birgə əmr imzalanıb. Əmrə əsasən çempionatın əsasnaməsi və proqramı təsdiq edilib.
Birgə əmri təhsil naziri Ceyhun Bayramov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova imzalayıb.
Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafında məktəb idmanının əhəmiyyətini qeyd edərək əməkdaşlığın şagirdlər arasında Olimpiya hərəkatınının təşviq edilməsində xüsusi rol oynayacağını vurğulayıb.
Daha sonra çıxış edən təhsil naziri Ceyhun Bayramov təhsilin keyfiyyətinin yüksəldilməsində və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının əhəmiyyətini diqqətə çatdırıb, sağlam və aktiv həyat tərzini təşviq edən layihələrin dəstəkləndiyini vurğulayıb. Ceyhun Bayramov məktəb idmanı sahəsində sözügedən yarışların nəticələrinin məktəblərin reytinqinin qiymətləndirilməsi zamanı nəzərə alınacağını bildirib.
Gənclər və idman naziri Azad Rəhimov çıxışında idmançıların məktəb yaşlarından formalaşmağa başladığını, belə yarışların istedadlı idmançıların seçilməsinə müsbət təsir göstərəcəyəni, onların peşəkar idmançı kimi yetişməsi üçün vacib olduğunu bildirib.
AMİF-in prezidenti Sevinc Hüseynova tədbirdə çıxış edərək yeni yaranmış federasiya tərəfindən həyata keçirilən layihələr barədə danışıb, çempionat çərçivəsində keçirilən oyunlarda voleybol və basketbol idman növləri üzrə qalib məktəblərin komandalarının beynəlxalq yarışlarda iştirakının rəhbəri olduğu qurum tərəfindən təmin ediləcəyini bildirib.
Məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir. Eyni zamanda birgə əmri imzalayan hər bir qurumun potensialından və koordinasiya imkanlarından istifadə etməklə çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyin təmin olunması, yüksək nailiyyət və uğurların qazanılmasıdır.
2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edəcəklər. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Voleybol üzrə qalib məktəb komandası Xorvatiyanın Poreç, basketbol üzrə qalib məktəb komandası isə Yunanıstanın Heraklion şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcək.