Məlumdur ki, Azərbaycanla Rumıniya arasında uzunmüddətli sıx əməkdaşlıq, fəal siyasi dialoq mövcuddur. 30 il ərzində yüksək səviyyədə diplomatik və siyasi münasibətlər qurulub. Rumıniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləməsi etibarlı münasibətlərin əsasını qoyub. Azərbaycan-Rumıniya əməkdaşlığı strateji tərəfdaşlığa dair imzalanan iki sənədlə daha da möhkəmlənib. Hər iki ölkənin Prezidentləri ötən ay Buxarestdə, ötən həftə isə Bakıda görüşüb. Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə bir neçə gün öncəki rəsmi səfəri qarşılıqlı maraqlara xidmət edən məsələlərin, mühüm regional layihələrin müzakirəsi, əməkdaşlığın yeni səhifələrinin təkrar nəzərdən keçirilməsi üçün əlverişli imkan yaratdı.

 

Azərbaycanla Rumıniya arasında ticari-iqtisadi əlaqələrdən danışsaq, deyə bilərik ki, buradakı dinamika artan xətt üzrə gedir və bu, çox sevindirici haldır. İki dəfədən çox artan ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada uzun müddətdir fəaliyyət göstərir, onun burada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.

 

Ümumiyyətlə, dünyada enerji sahəsində əməkdaşlığın aktuallığı Rumıniya ilə Azərbaycanı qaz ixracı məsələsində də fəal şəkildə bir araya gətirir. Azərbaycan Prezidentinin Rumıniyaya səfəri zamanı təbii qazın bu ölkəyə çatdırılmasına dair saziş imzalanıb.Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Rumıniya Azərbaycan qazının Avropa məkanında yeni ünvanıdır, Azərbaycan qazı Rumıniyanın imkanları ilə digər Avropa ölkələrinə nəql ediləcək və bu, Rumıniya ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsi olacaq. Rumıniya Prezidentinin Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirakı da elə bu məqsədə xidmət edirdi.

 

Avropanın Cənubi Qafqaz ölkəsi kimi Azərbaycana bəslədiyi xüsusi münasibət onunla bağlıdır ki, Azərbaycan digər regional layihələr kimi, Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini də uğurla icra etdi; Avropa İttifaqı üçün yenidən etibarlı enerji tərəfdaşına çevrildi. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumunu imzaladı və bu, o deməkdir ki, Avropa məkanına qaz ixracatı sürətlə artır, ölkəmiz enerji təhlükəsizliyinə davamlı şəkildə böyük töhfələr verir.

 

Azərbaycanla Rumıniyanın iqtisadi əməkdaşlığında neft və qaz kifayətedici deyildir və ölkə rəhbərləri bunu öz bəyanatlarında xüsusi vurğulayırlar. Rumıniya yaşıl enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı, yaşıl enerji sahələrində əməkdaşlığa maraqlıdır, eyni şəkildə Azərbaycan da bu sahələr üzrə əməkdaşlığın qurulmasına, genişləndirilməsinə  maraq göstərir. Bilirik ki, Azərbaycanın ötən ilin sonunda Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi. Prezidentin Buxarestə səfəri zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalanıb. Bu, onu ifadə edir ki, yaşıl enerji sahəsi də beynəlxalq əməkdaşlıqda öz aktuallığını artırıb və ölkələri sıx-sıx bu istiqamətdə bir araya gətirir. Bəllidir ki, bu layihə ən bahalı layihələrdən biri hesab olunur, çünki söhbət Azərbaycanda bərpaolunan enerji resurslarından istehsal edilmiş elektrik enerjinin nəqli üçün gələcək dənizaltı kabelin çəkilməsindən gedir.Avropa Komissiyasının dəstəklədiyi bu layihə də Cənub Qaz Dəhlizi kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə sayıldığı üçün tezliklə reallaşmasına əminlik yaradır. 

 

İki ölkə arasında əməkdaşlıqda digər prioritet sahə nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var və Rumıniya Prezidentinin səfəri zamanı bu məsələ üzərinə də xüsusi  vurğu salındı.

 

Beləliklə, Rumıniya-Azərbaycan əlaqələrinin hazırkı mərhələsi deməyə əsas verir ki, əməkdaşlıq həm qaz, həm yaşıl enerji dəhlizləri, həm də nəqliyyat sahəsində gözəl nəticələrə gətirib çıxaracaq.

 

“Azərbaycan müəllimi”