Namiq Abdullayev: “Ulu Öndərə verdiyim sözü tutdum! Sidney Olimpiya Oyunlarının qızıl medalını qazandım”


Azərbaycanda idman hər zaman cəmiyyətin inkişafının əhəmiyyətli faktorlarından biri olmuşdur. Ümummilli Lider Heydər Əliyev idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir, onun əhəmiyyətini yüksək qiymətləndirirdi. Ulu Öndərimizin Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə  hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi.   “Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibəsinə bu sözlərlə başlayan  Dünya, Avropa və Olimpiya çempionu Namiq Abdullayev bildirdi ki,  Ulu Öndər Heydər Əliyevin  ölkəmizə rəhbərlik etdiyi dövrlərdə  hər zaman idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub: “Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Bu sahənin üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi və yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı”.

 

- Namiq  müəllim,  bildiyimiz kimi Ümummilli Lider Heydər Əliyevlə bir neçə dəfə görüşünüz olub. İstərdik həmin görüş təəssüratlarınızı bizimlə bölüşəsiniz.

- Ulu Öndərin 1995-ci ildə  nailiyyət əldə etmiş idmançılarla görüşü keçirildi.  Əl Oyunları Sarayında (indiki Bakı İdman Sarayında) baş tutan möhtəşəm görüşdə  həm veteran idmançılar, həm də gənc idmançılar iştirak edirdilər. O görüşdə  idmançılarımızla səmimi bir söhbət etdi Ulu Öndərimiz. Həmin görüşdə idmançılarımız böyük ruh yüksəkliyi əldə etdi.  Ulu Öndərimiz çıxışında bir daha qeyd etdi ki, bundan sonra bütün sahələrlə yanaşı idman sahəsinə də diqqət artırılacaq  və dünyada Azərbaycan idman sahəsindəki uğurları ilə öz sözünü deyəcək. Bilirsiniz ki, həmin ildə mən Avropa çempionu və dünya ikincisi olmuşdum.   Həmin görüşdən sonra   dövlət tərəfindən  dünya,  Avropa  və olimpiya   çemionatlarında naliyyət əldə edən   idmançıarımıza fəxri adlar, orderlər və  mükafatlar  verildi.   Çüdoçu Nazim Hüseynov “Şöhrət” ordeni,   Zemfira Meftahətdinova  və mən isə  Ulu Öndərimiz tərəfindən “Tərəqqi” medalı ilə təltif olunduq.

 

Həmin ilin dekabr ayının sonunda  ilin yekunlarına dair idmançılarla Ulu Öndərin növbəti görüşü oldu. Bu görüşdə biz idmançılar Ulu Öndərlə daha yaxın idik. Belə ki, o bizlərlə ayrı-ayrılıqda söhbət edərək problemlərimizlə maraqlanırdı. Bu görüşdə Ulu Öndər Heydər Əliyev   mənə mənzil hədiyyə etdi.  

 

- İstərdik Atlanta şəhərində keçirilən olimpiya oyunlarından danışasınız. Xüsusən də Ulu Öndərin sizin gümüş medalınızı qızıl medal kimi qiymətləndirməsindən...

- 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində baş tutan XXVI yay olimpiya oyunlarında ölkəmizin  qatıldığı  birinci olimpiada idi.   Finalda, oyunların həlledici görüşündə rəqibim  Bolqarıstan  nümayəndəsi Valentin Yordanov idi.

 

36 yaşlı Valentin Yordanov Dünya və Avropa çempionatlarında yeddi dəfə qalib gələn çox təcrübəli və titullu güləşçi idi.  Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə  ordakı hakimlər tərəfindən mənə çox haqsızlıqlar oldu. Həmin olimpiya oyunlarında 4-3 hesabı ilə məğlub oldum.  Vətənimizə  gümüş medalla gəldim.  Bu mübarizədə  bizlərə  çox haqsızlıqlar olmağı bütün komandanı üzmüşdü.  Bizim ölkənin qalib olmasını istəməyən qüvvələr var idi. Hansı ki, o qüvvələr böyük dövlətlərin Amerika, Rusiya və başqa ölkələrin qalib olmasını istəyirdilər. Ulu Öndərimiz də bu məsələdən məlumatlı idi.  Vətənə dönən kimi bizlərlə görüşən Heydər  Əliyev  ABŞ-ın Atlanta şəhərində baş tutan XXVI yay olimpiya oyunlarında ölkəmizin  iştirakını çox yüksək qiymətləndirərək mənim gümüş medalımı qızıl medal səviyyəsinə qaldırdı və təltif etdi. Mən də o zaman görüşdə Ulu Öndərimizə söz verdim ki, gələcəkdə keçirilən olimpiya oyunlarında  qızıl medal qazanacağam, gümüş medalı qızıl medalla əvəzləyəcəyəm. Verdiyim sözü 2000-ci ildə Sidney şəhərində keçirilən olimpiya oyunlarında uğurlu iştirakımla tutdum.  Sidney Olimpiya oyunlarının qızıl medalını qazandım.  Ölkəmizin bu olimpiadada uğurlu çıxışı bir daha onu sübüt etdi ki, Azərbaycan artıq bir idman ölkəsinə çevrilib. Həmin ildə Ulu Öndərimiz tərəfindən “Şöhrət” ordeni ilə təltif olundum.

 

Onu da qeyd etmək istərdim ki, Ulu Öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə düşdü. Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı arzularının gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı.

 

İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır.

 

Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətləri beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə Azərbaycan saysız-hesabsız mötəbər beynəlxalq turnirlərə, dünya və Avropa çempionatlarına ev sahibliyi etmişdir.

 

Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınması idman sahəsindəki uğurlarımızın göstəricisidir. İdman ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcək.

 

Rəşad ZİYADOV