Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi”nin qalibi olan “Məktəbli Teatrı” layihəsinin eksperti kimi layihənin keçirildiyi 279 nömrəli tam orta məktəbdə müşahidələr apardım. Şagirdlərin teatral fəaliyyətlərə qarşı entuziazmı insana mənəvi zövq verirdi. Müşahidələrim nəticəsində deyə bilərəm ki, layihəyə qoşulan uşaqlar mahircəsinə jest və mimikalardan istifadə edir, müxtəlif məqamlarda personajı canlandırır və rola məharətlə girə bilirlər. Layihə çərçivəsində öz sahəsində peşəkar insanlar tərəfindən keçirilən təlimlərdə şagirdlər natiqlik, bədən dili, bədii qiraət kimi bacarıqlara yiyələnirlər. Bu bacarıqlar peşəkar həyatda da onların çox işinə yarayacaq. Bundan əlavə, şagirdlərin yanıltmac, şeir, atalar sözləri, hekayə və nağıl kimi müxtəlif ədəbiyyat nümunələrini səhnələşdirmələri onları həm əyləndirir, həm də öyrədir. Bu yolla onlar milli ədəbiyyat nümunələrimizi tanıyır, vətənə bir daha bağlanır və emosional intellektlərini inkişaf etdirirlər. Eyni zamanda, şagirdlərin komanda şəklində qurduqları səhnəciklər onlarda komanda ruhu, liderlik bacarıqlarını inkişaf etdirir.
Xüsusilə qeyd etmək istərdim ki, bu layihə məktəblərdə teatr klublarının açılmasına maraq yarada bilər. Layihənin yekununda ərsəyə gələcək olan tamaşanı görən təhsil işçiləri əminəm ki, belə bir klubun öz məktəblərində də fəaliyyət göstərməsini istəyəcək. Belə bir teatr klubu daha çox məktəbdə, yüzlərlə şagirdin gizli qalmış bacarıqlarını gün üzünə çıxarmaq imkanına malikdir.
Qalib layihənin rəhbəri Südabə Abdullayevaya, iştirakçıları olan şagirdlərə və layihəni icra edən peşəkar heyətə minnətdarlığımı bildirir, onları bu uğurlu layihə münasibətilə təbrik edirəm.
Layihənin eksperti Qoşqar Məhərrəmov