Gürcüstan məktəblərində maraqlı vəziyyət yaranıb. Məktəblərdə müəllim və şagirdlərin sayı ilə bağlı aparılan araşdırmalar zamanı maraqlı faktlar ortaya çıxıb.
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Bildirilir ki, Gürcüstanda 2 məktəbin hər birində bir şagird təhsil alır.
Gürcüstanın Duşeti rayonunun Çarğalı kəndindəki ictimai məktəbdə 7 müəllim və 1 şagird, Kaspi rayonunun Qudaleti kəndindəki ictimai məktəbdə isə 4 müəllim və 1 şagird var.
Bundan başqa, ölkə ərazisində daha 4 kənddəki məktəblərin hər birində 2 şagird, 9 məktəbdə 3 şagird, 6 məktəbdə 4 şagird, 8 məktəbdə isə 5 şagird təhsil alır.
Ümumiyyətlə isə Gürcüstanda 288 məktəbdə 1-dən 30-dək şagird təhsil alır.
Qeyd edək ki, bu gün ümumiyyətlə Gürcüstanda 2085 məktəb fəaliyyət göstərir. Onlardan 116-sı Azərbaycan məktəbidir.
Bu məktəblərdə 632 min 726 şagird təhsil alır. Gürcüstanda orta təhsil 12 illikdir.
Azərtac