Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən tədbirdə tələbələrin 2022-2023-cü tədris ilində qazandığı uğur və nailiyyətləri əks etdirən sərgiyə baxış olub, gənclərin tədris prosesində və asudə vaxtlarındakı fəaliyyətinə dair videoçarx izlənilib.
Sonra çıxış edən ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev bildirib ki, 2 fevralın Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır:”Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il 2 fevral tarixində Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı”.
Bildirilib ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişir və bu siyasi kurs ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb.
Universitetin İdman klubunun sədri Məmmədəli Rəhimov isə tələbələrin idman sahəsindəki uğurlarından söz açıb. “Gənclər təşkil olunan yarış və məşğələlərə cəlb olunur, bütün bunlar gənclər arasında idmanı təbliğ etmək, “sağlam bədəndə sağlam ruh olar” devizi altında onları maarifləndirmək məqsədi daşıyır”- deyə o, qeyd edib. M.Rəhimov tələbələrin respublikada, beynəlxalq arenada universiteti və ölkəmizi layiqincə təmsil etdiklərini diqqətə çatdırıb.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov cari tədris ilində gənclərin təşkilatçılığı ilə baş tutan tədbirlər, keçirilən intellektual yarışlar, olimpiadalar haqqında iştirakçıları məlumatlandırıb, tələbələri Gənclər Günü münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı Bəhruz Məmmədova “Ən yaxşı fakültə tələbə təşkilatı” nominasiyası üzrə plaket təqdim edilib.