Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən elmi seminarda danışılıb


AMEA İnformasiya Texnologiyaları İnstitutunun elektron dövlət mühitində Azərbaycan dilinin qorunması problemlərinə həsr olunmuş növbəti elmi seminarı keçirilib.

 

İnstitutdan bildiriblər ki,  tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq bu gün ölkəmizdə xalqımızın mənəvi sərvəti və dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biri olan Azərbaycan dilinin istifadəsi və tədqiqi,  dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəminin yaradıldığını söyləyib.

 

Akademik ölkədə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi, beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəldilməsinə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət göstərildiyini vurğulayıb. Alim bu baxımdan  Prezident İlham Əliyev tərəfindən 17 iyul 2018-ci il tarixində imzalanmış “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamın əhəmiyyətini xüsusi  qeyd edib. Bildirib ki, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

 

R.Əliquliyev Azərbaycan dilinin qorunmasının çoxsaylı istiqamətləri üzrə institutda aparılan tədqiqatlardan danışıb: “İnstitutda  terminoloji informatika və terminoqrafiya fəaliyyəti, jest dilinin informatikası, onomastik informatika, transliterasiya problemləri, dil sənayesi, mətnlərin analizi və s. üzrə nəzəri və praktiki tədqiqatlar aparılır.

 

Sonra “Elektron dövlət mühitində Azərbaycan dilinin qorunması problemləri” adlı məruzəni təqdim edən institutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Yedgar Cəfərli milli dillər üçün qlobal təhdidlərdən söz açıb. Bildirdib ki, milli informasiya məkanı ətrafındakı sərhədlərin ortadan götürülməsi, qlobal iqtisadiyyatın, əmək bazarının dominant dil formalaşdırması, milli və qlobal media resursları, elmi-texnoloji məlumat bazaları arasındakı fərq, təbii dil proseslərinin innovativ inkişafın sürəti ilə uzlaşa bilməməsi, rəqəmsal uçurumdan qorunmaq ehtiyacı və s. amillər milli dillər üçün təhdidlərin meydana çıxmasına səbəb olur. Məruzəçinin sözlərinə görə, dilin texnoloji sistemini yaratmadan və onun innovativ həll yollarını təklif etmədən Azərbaycan dilinin qorunması çətindir.

 

Y.Cəfərli e-dövlətdə dil müxtəlifliyinin qorunması yolları barədə məlumat verərək qeyd edib ki, bu məqsədlə çoxdilliliyə əsaslanan kommunikasiya vasitələrindən geniş istifadə, xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması və çoxdilliliyin dəstəklənməsi, elektron xidmətlərin sosial müxtəlifliklərdən asılı olmayaraq bütün vətəndaşlar üçün əlçatanlığının təmin olunması zəruridir.

 

Məruzəçi sosial şəbəkələrdə dil normalarının qorunması üçün həlli vacib məsələləri də diqqətə çatdırıb. Onun sözlərinə görə, bu problemlərin həllinə şagirdlərə ana dilində mükəmməl yazı vərdişlərini öyrədən xüsusi fənnin tədrisi, elektron kommunikasiya qaydalarının təhsil müəssisələrində ayrıca fənn kimi tədrisi, Azərbaycan dilinin distant tədrisi layihələrinin həyata keçirilməsi, elektron redaktə və korrektə proqramlarının işlənib hazırlanması, mövcud proqramların daha da təkmilləşdirilməsi, bədii ədəbiyyat mütaliəsinin təbliği layihələrinin həyata keçirilməsi ilə nail olmaq mümkündür.

 

Məruzə ətrafında  müzakirələr aparılıb, fikir və mülahizələr bildirilb.

 

Yusif ƏLİYEV