Məktəb kitabxanası dünya biliklərinə açılan pəncərədir
Şagirdlərin dünyagörüşünün formalaşmasında, onlarda mütaliə mədəniyyətinin, tənqidi düşüncə bacarığının, oxu vərdişinin təkmilləşməsində, şəxsiyyət kimi yetişməsində mütaliə müstəsna əhəmiyyət daşıyır. Kitab oxumağın insanın düşüncə, intellektual, mənəvi inkişafında rolu danılmazdır. Mütaliə etmədən fikir mübadiləsi etmək çətin olur. Məhz kitablar insanda yaradıcı potensialın üzə çıxarılmasına təsir göstərir. Kitaba meyil göstərmək, onu oxumaq, onunla bir bağ qurmaq şagirdlərin bədii təxəyyülünün inkişafına kömək edir. Mənəvi dünyası ilə körpü yaradır.
Mütaliə alışqanlığının formalaşması və inkişafı baxımından ən təsiredici və əhəmiyyət kəsb edən məkan, təbii ki, kitabxanalardır. Kitabxana məktəblilərdə mütaliəyə, kitaba marağı inkişaf etdirən, ədəbi-bədii zövqlər və maraqlar yaradan, onları tərbiyə edən, ədəbiyyata, çap məhsulları ilə təmas yaradan mədəni dəyərlərin mühafizəsini təmin edən və nəsildən-nəsilə ötürən bir ocaqdır.
Kitabxana dünya biliklərinə açılan pəncərə rolunu oynayır. Bu pəncərədən insanlar informasiya tələbatlarını ödəyir, yeniliklər əldə edirlər. Bununla da hər bir məktəbin kitabxana ilə təmin olunması mütləqdir. Kitabxanaların fəaliyyəti, şagirdlərin kitabxanalara cəlb olunması istiqamətində hansı addımların atılması, onların kitablardan nə dərəcədə faydalanmasını öyrənmək məqsədi ilə Bakı şəhər 1 nömrəli tam orta məktəbin kitabxana müdiri Zenfira Hüseynova və 7 nömrəli tam orta məktəbin kitabxanaçısı Səidə Əliyeva ilə bəzi məqamlara toxunduq, məktəblilərin fikirlərini öyrəndik.
Zenfira Hüseynova: “Uşaq kitabı əlinə almalı, hərarətini hiss etməlidir”
- Kitabxananızda hansı istiqamətdə kitablar təşkil olunur?
- Kitabxana həm təhsilin, həm də mədəniyyətin bir qoludur. Məktəb kitabxanasında kitabların əksəriyyətini dərsliklər təşkil edir. Dərsliyin bazası olmalıdır ki, şagirdlər buradan maariflənə bilsinlər. Tədris ilinin əvvəlində dərsliklər verilir, müvafiq qayda üzrə məktəblilərə paylanılır. Hər il oktyabr ayından başlayaraq şagirdlər bədii kitablar götürürlər. Onlar fantastik, dedektiv, təbiət, incəsənət, nağıllar və müxtəlif janrlarda olan kitablara maraq göstərirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ilin 12 yanvar tarixində imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamından sonra latın qrafikalı kitablar bütün kitabxanalara verilib. Kitabxanamız 2 dildə fəaliyyət göstərir, burada həm rus, həm də Azərbaycan yazarlarının kitabları var. Bu da göstərir ki, kitabxananın fondu müxtəlif ədəbiyyatlarla zəngindir. Kitabxana dərsliklərdə olan yazarların kitabları, çap məhsulları, son dövrdə çap olunan əsərlər ilə təmin olunub. Məktəblilər kitabxanamızda internet resurslarından da faydalana bilirlər. Lazım olan materialı operativ şəkildə internet vasitəsi ilə araşdırıb əldə edirlər. Texnologiyanın inkişafı insanların elektron kitablara üstünlük verməsini artırır. Lakin mən məktəb şagirdlərinə mütaliə etmək üçün kitabla canlı ünsiyyət yaratmasını təklif edirəm. Uşaq kitabı əlinə almalı, vərəqin istisini, hərarətini, qəhrəmanın hisslərini hiss etməlidir. Bunu biz elektron vəsaitdən hiss edə bilmirik. Buna baxmayaraq interneti də dəstəkləyirəm. Çünki lazım olan materialı daha operativ əldə etməkdə bizə yardımçı olur.
- Məktəblilərin kitabxanaya cəlb olunması üçün hansı təbliğat işləri aparılır, layihələr həyata keçirilir?
- Bizim “Əlamətdar tarixi günlər”, “Yubileylər” rubrikalarımız mövcuddur. “Tarixi günlər” rubrikası uşaqların maraq dairələrini daha da artırır, onlara müəyyən ideyalar verir. Biz hər il ənənəvi olaraq fevralın 14-də “Beynəlxalq kitab bağışlama günü”nü qeyd edirik. Siniflər bir-birinə kitablar bağışlayır, hətta kitabxanamıza valideynlər müxtəlif formatda kitablar hədiyyə edirlər. Hansı ki, o kitablardan sonralar şagirdlər faydalanır. Biz valideynlərlə daimi ünsiyyətdəyik. Hətta məktəbin girişində valideynlər üçün nəzərdə tutulan “10 dəqiqəlik kitabxana” rublikamız da var. Məktəbin önünüdə valideynlər uşaqlarını gözləyərkən vaxtlarını səmərəli istifadə edir, oradakı kitabları vərəqləyirlər, məlumat əldə edirlər. Bədii tədbirlər zamanı valideynlərə tədbir keçiriləcəyi ilə bağlı müraciət edirik. Keçən il “Şuşa İli” ilə bağlı möhtəşəm bir tədbir keçirdik. Valideynlərlə əməkdaşlıq edərək çoxlu materiallar əldə etdik. Şuşanın görkəmli şəxsiyyətləri, Pənahəli xan haqqında, xan qızı Xurşidbanu Natəvanın 90 illik yubileyi ilə bağlı tədbir keçirdik. Şagirdlərimiz X.Natəvanla A.Dümanın görüş səhnəsini canlandırdılar. Mədəniyyət Nazirliyi nəzdində Mərkəzləşmiş Kitabxana filialından nümayəndələr də tədbirimizdə iştirak etdilər. Həmçinin bizim şagirdlər Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu”, “Mənim gündəliyim” layihələrində iştirak ediblər. S.S.Axundov, X.Natəvan, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev, C.Məmmədquluzadə haqqında, onların əsərləri barədə öyrənib, fikir mübadiləsi aparıblar.
- Əvvəlki illərlə müqayisədə kitabxanada hansı dəyişikliklər var və eləcə də şagirdlərin kitaba meyil etməsi baxımından artım-azalma görünür?
- Biz pandemiyadan əvvəl Elmi Pedaqoji Kitabxananın direktoru olmuş Tamilla İsmixanovanın dəvəti ilə oraya yığışırdıq. Orada müəyyən maarifləndirici tədbirlər keçirilirdi. Hər bir məktəbin kitabxanaçısı gördüyü işlərdən, kitabxana fəaliyyətindən, oxucu kütləsinin maraq dairəsindən danışırdı. Artıq 2 ildir ki, bizim əsas mövzumuz işğaldan azad olunmuş ərazilərdir. Xüsusilə Şuşa haqqında biz müxtəlif formatda həm rus, həm Azərbaycan dillərində kitablar almışıq.
Əlavə olaraq onu da qeyd edim ki, bizim yubileylər datamızda hər ilin təqvimi olur, bu, hər il yenilənir. “Şəhidlər” rubrikamız da var. Burada I, II Qarabağ müharibəsində iştirak edən, şəhid olan qəhrəmanlarımızın adları qeyd olunub. Biz onların yubileylərini məktəb çərçivəsində keçirir, şücaətlərindən, vətənpərvərliklərindən, əzmkarlıqlarından danışırıq, şagirdlərin vətənimizin qəhrəmanlarını tanımasına vəsilə oluruq. Şəhidlər ölmür, onlar daim yaşayır.
- Şagirdlərlə ünsiyyət zamanı yaş kateqoriyasına uyğun onlara hansı kitabları məsləhət görürsünüz?
- Şagirdlər yaş kateqoriyasına uyğun kitablara üz tuturlar. Azyaşlılar daha çox şəkilli kitablara üstünlük verir. Bizim “Açıq rəf” üsulumuz mövcuddur. Orada uşaqlar öz maraq dairələrinə uyğun kitablar seçə bilirlər. Bəzən olur ki, uşaqlar kitabxanadan özləri kitab seçir, mənə göstərirlər və mən də öz növbəmdə kitabın onların yaş səviyyələrinə uyğun olub-olmadığını bildirirəm. Əgər uyğun deyilsə, başqa bir kitabı məsləhət görürəm. Həmçinin şagirdlər kitabı götürəndə həmin əsər haqqında sorğu-sual edəcəyimi əvvəlcədən bildirirəm ki, oxucu məsuliyyət hiss edib kitabı oxusun. Xüsusilə azyaşlı oxucularımıza deyirəm ki, mən sizin gözünüzdən bilirəm ki, siz kitabı oxumusunuz, ya yox. Siz kitabı oxumayanda kitablar mənə şikayət edir. Onlar da, təbii ki, buna inanır, növbəti dəfə götürdükləri kitabı daha ciddi şəkildə oxumağa başlayırlar.
Səidə Əliyeva: “Uşaqlarla maarifləndirici söhbətlər edir, kitabların onların həyatındakı rolunun əhəmiyyətini nəzərlərinə çatdırırıq”
- Kitabxana kitabların toplandığı, sıralandığı məkandır. Biz də çalışırıq ki, kitaba olan dəyəri hər zaman məktəblilərin nəzərinə çatdıraq. Məktəbimizin kitabxana fondu çox zəngin və rəngarəngdir. Burada məktəb dərsliklərindən əlavə dünya uşaq ədəbiyyatına, xarici ədəbiyyata, şifahi xalq ədəbiyyatına, Zəfər Gününə, şəhidlərə aid kitablarımız mövcuddur.
Biz davamlı olaraq yaradıcı şəxsiyyətlərin yubileylərini keçirir, onların əsərlərindən nümunələr çəkirik, şagirdlər öz aralarında yazarların əsərləri ilə bağlı təhlillər aparırlar. Onu da qeyd edim ki, ötən il Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Düşünən oxucu” layihəsinə biz də qoşulduq. Şagirdlər oxuduqları kitablar haqqında öz fikirlərini bildirdilər, müzakirələr apardılar. Biz bu tip layihələri məktəb çərçivəsində də keçiririk. Ötən il oktyabrı 21-də “Beynəlxalq Məktəb Kitabxanaları Günü”ndə siniflərarası yarış keçirdik. Kitab haqqında daha çox müzakirə, fikir mübadiləsi edən sinfə “Bakı” kitabını hədiyyə etdik.
Məktəbin kitabxanası yeni yazarlarla da daimi əməkdaşlıq edir. Bu yaxınlarda uşaq yazarı Solmaz Amanova ilə məktəbimizdə görüş keçirildi, kitabları təqdim olundu və şagirdlər onları oxuyaraq müzakirə apardılar. Bundan əlavə, Türkiyədə yaşayan soydaşımız Əli Polad “Bir damcı su” kitabını həm məktəbin kitabxanasına, həm də uşaqlara hədiyyə edib. Bu, şagirdlərdə böyük sevincə səbəb olub.
Uşaqlar kitabxanaya gələndə hansı kitabı istədiklərini qeyd edəndə kitabxana işçiləri olaraq onlarla söhbət aparır, hansı janra üstünlük verdiklərini müəyyənləşdiririk. Əgər istədikləri kitab yaş kateqoriyasına aid deyilsə, biz onlara başqa kitablar məsləhət görür, hər məktəblinin yaşına uyğun kitablar təklif edirik. Uşaqlarla maarifləndirici söhbətlər edir, kitabların onların həyatındakı rolunun əhəmiyyətini nəzərlərinə çatdırırıq. Eyni zamanda, valideynlərlə də söhbət aparırıq. Onlarla kitabxananın görüşünü təşkil edirik. Onların da uşaqlarda kitab oxuma vərdişinin yaranması üçün səy göstərmələrini, lazım gələrsə övladları ilə birlikdə oxumalarını təklif edirik.
Məktəblilərin mütaliəyə maraqları bizi sevindirir.
“Kitab oxuduğum andan zövq alıram”
Gülnur Ağakişiyeva 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. Kitabxanaya tez-tez baş çəkdiyini vurğulayan və götürdüyü kitabı uzun müddət oxumağı xoşlamayan, tez bir zamanda bitirən Gülnur deyir: “Azərbaycan ədəbiyyatına daha çox üstünlük verirəm. Ən çox müraciət etdiyim poetik janrdır. Nüsrət Kəsəmənli və Bəxtiyar Vahabzadə kitablarını alır, şeirlərini əzbərləyirəm. Ümumiyyətlə, aldığım kitab araşdırma istiqamətində deyilsə qısa müddətdə bitirirəm. Axırıncı oxuduğum Viktor Franklinin “İnsanın məna axtarışı” kitabıdır. Kitabda bir psixoterapistin həyatı haqqında danışılır. Qəhrəmanın 41-45-ci illər müharibəsi dövründə əsir düşərgəsində keçirdiyi günlərindən bəhs edir, onun həyatla mücadiləsi göstərilir. Bütün çətinliklərə rəğmən pozitiv qalmağı, özünü sağaltmağı, insanın ətraf mühitə fikir vermədən içində özünü xoşbəxt hiss etməyi insanlara aşılayır. Bu kitabı oxuduqdan sonra bu janra marağım daha da artdı, həyata baxışım dəyişdi, mübarizə əzmim formalaşdı. Kitab oxuyanda sanki ayrı dünyada oluram, oxuduğum andan zövq alıram. Onu da bildirim ki, ara-sıra kiçik hekayələr yazıram. Gələcəkdə yazdığım hekayələri kitab formasında nəşr etdirməyi düşünürəm. Bu da mənim kitablara olan sevgimdən qaynaqlanır”.
“Kitabla təmasda olmağa, qoxusunu hiss etməyə üstünlük verirəm”
Janrından asılı olmayaraq bədii ədəbiyyat nümunələrini oxuduğunu, axıcılığına görə bəzi kitabları bir gündə bitirdiyini qeyd edən 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Fatimə Sadıqzadənin axırıncı dəfə oxuuğu kitab Abbas Səhhətindir. Fatimə boş vaxtlarını kitab oxumaqla dəyərləndirir. Həm elektron, həm də ənənəvi kitablar oxuyur. O, ənənəvi kitab oxuyanda özünü daha rahat hiss etdiyini deyir: “Kitabla təmasda olmağa, əlimə almağa, qoxusunu hiss etməyə üstünlük verirəm. Xüsusilə kitabxanada oxumaq mənə daha çox zövq verir. Hər kitab oxuduqca özümə müəyyən qeydlər götürürəm. Ötən il məktəbimizdə “Şuşa İli” ilə bağlı böyük tədbirdə Xurşidbanu Natəvan rolunda çıxış etmişəm. Mənə bunu təklif edəndə rolumu daha yaxşı oynamaq üçün araşdırdım, kitabxanada çoxlu vəsaitlər əldə etdim. Qarabağın son varisi, xan qızı, şairəni oynamaq mənim üçün çox qürurverici idi. Ona görə də məsuliyyətlə yanaşdım və onun haqqında çoxlu mütaliə etdim. Həm Şuşa, həm də xan qızı haqqında çoxlu biliklər əldə etdim”.
“Mən oxuduğum kitabları dostlarımla müzakirə etməyi xoşlayıram”
Bakı şəhər 7 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Sübhan Hümmətzadə həm məktəbin kitabxanasından, həm də kənar kitab mağazalarından kitab götürdüyünü deyir. Azərbaycan ədəbiyyatından daha çox tarixi şəxsiyyətlər haqqında yazılmış kitabları sevdiyini, ümumilikdə isə dedektiv janra üstünlük verdiyini qeyd edib. Sonuncu oxuduğu kitab dünya uşaq ədəbiyyatından Artur Konan Doylun “İtmiş dünya” kitabıdır. “Çox vaxt kitab oxuyanda qəhrəmanın yerində özümü qoyuram, onun yaşadığı hissləri keçirirəm. Müəllimlərimiz hər zaman kitab oxumağı bizə tövsiyə edirlər. Kitab oxumaq dünyagörüşümüzü artırır, yeni biliklər qazandırır. Gələcəkdə müxtəlif hadisələr baş verəndə donub qalmaq yerinə hərəkətə keçə bilərik. Mən oxuduğum kitabları dostlarımla müzakirə etməyi xoşlayıram”.
“Kitab oxumaq söz bazamızı artırır”
Aqil Abbas 7 nömrəli tam orta məktəbin 7-ci sinfində təhsil alır. Fantastik, dedektiv janrları çox sevir. Sevdiyi kitab Corc Martinin “Taxt-tac oyunları”dır. Kitab oxumağın insanın düşüncə tərzinə təsir etdiyini bildirən Aqil vurğulayıb:
“Kitab oxumaq bizim nitqimizə təsir edir, söz bazamızı artırır. Davamlı kitab oxuyanda müxtəlif situasiyalarla qarşılaşan zaman məndə ona qarşı bir fikir formalaşır, təcrübə qazanıram. Əsasən hansısa kitabı oxumağa başlamadan öncə filmini yarımçıq izləyir, daha sonra kitabı bitirirəm və sonda filmin davamını izləyirəm. Oxuduğum kitabları qardaşım ilə müzakirə etməyi xoşlayıram”.
Belə ki, məktəb dövründə şagirdlərin kitabxanalardan müntəzəm istifadə etməsi, kitab oxuma vərdişini özlərində yaratması şagirdlərin gələcək hədəflərinin müəyyənləşməsinə, sonrakı həyatlarına təsiri olacaq. Görkəmli şəxsiyyət M.Ə.Sabirin belə bir kəlamı var: “Kitab sənin ilk dostundur”. Buna görə də ilk dostuna yaxşı bax və onu hər gün vərəqlə.
Tünzalə QULİYEVA