Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 

Tədbirdən əvvəl BDU kollektivi 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüb.

 

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 33 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar:” 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəmizin rəmzinə çevrilib. Bu faciə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlıq əleyhinə ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə həkk olunub”.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, BDU-nun professoru Jalə Əliyeva da deyib ki, həmin gün xalqımız böyük faciə ilə üzləşdi, amma özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirdi:”20 Yanvar faciəsi ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha açıb göstərdi. Bu faciə Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldı”.

 

Tədbirdə Milli Məclisin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə, BDU-nun kafedra müdiri, I Qarabağ veteranı Knyaz Aslan, cinayət hüququ və kriminologiya kafedrasının dosenti Rauf Şəmsizadə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun paytaxtda və bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb, Vətən uğrunda canlarından keçmiş oğullarımızın Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildiriblər.

 

Daha sonra AzTV-nin istehsalı olan “Tarixin izi ilə” sənədli filmi (ssenari müəllifi BDU-nun jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur) nümayiş etdirilib.