Şəhid ailələrinə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir


20 Yanvar faciəsinin 33-cü ildönümüdür. 1990-cı ilin qanlı yanvar gecəsini Azərbaycan xalqı heç zaman unutmadı. Həmin gün Sovet imperiyasının başında dayananlar xalqımızın azadlıq idealları qarşısına ağır silahlar, çirkin planlarla çıxmış, insanlarımızı tankların təkərləri altında amansızlıqla əzmək əmrini imzalamışdılar.

 

Azadlığa gedən yolda çoxsaylı şəhidlər verildi.  Amma ölkənin müstəqilliyi, istiqlalı, hürriyyəti yolunda başlanmış mübarizəni kobud, qeyri-sivil metodlarla dayandırmağa çalışan imperiyanın yaratdığı xof, zülm qarşısında baş əyilmədi. Xalq ruhunun əsarətdə olmadığını sübut etdi və 20 Yanvarı qəhrəmanlıq səhifəsi kimi tarixə yazdı. Yaşanılan faciə Azərbaycan xalqının azadlıq mübarizəsinə sədaqətini möhkəmləndirdi...

 

Hadisələrin olduqca ağrılı, hiddətləndirici xronikası var idi. Azərbaycandakı milli oyanış, milli özünüdərk prosesi Sovet İttifaqının rəhbərləri üçün qorxulu bir kabusa çevrilmişdi. Xalq AZADLIĞI sona kimi getməyə xeyirli bir yol kimi seçmiş, sovet idarəçilik sisteminin qulu olmamaq, müstəqil dövlətin sərhədləri arasında güvənli, azad yaşamaq ideallarına möhkəm sarılmış, bunun üçün çəkəcəyi iztirablara, verəcəyi qurbanlara hazırlığını, mətanətini, cəsurluğunu aydın nümayiş etdirmişdi.

 

İmperiyanın zülm və hökmranlığına aramsız müqavimətdən möhtəşəm AZADLIQ MÜBARİZƏSİ doğacaqdı. Bu mübarizə imperiyanın sərhədlərini dağıdacaq, hakim ideologiyanı tarixin zibilliyinə atacaq qədər güclü idi. Elə buna görə də Sovet İttifaqının idarəçiləri ciddi narahatlıq keçirirdi. İmperiyanın məmur elitası ölkədə elə bir xaos yaratdı ki, Azərbaycan mürəkkəb bir labirintin içərisinə düşdü. Milli maraqlara zidd addımlar atıldığından xalq rəsmi Moskvaya bağlı siyasi rəhbərlərin istefasını tələb edən sistemli aksiyalar keçirir, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin qarşısında öz etirazları ilə güclü bir sipər yaradırdı.

 

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun Kremldəki kabinetində Azərbaycanı faciələrə sürükləyən çirkin ssenariyə imza atıldı: Azərbaycan bu mübarizədən alnıaçıq çıxmamalı, qan çanağında boğulmalıdır! Baş katibin əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Hədəf milli ruhu əsir almaq, xalqın cəsarətini boğmaq, onu diz çökdürmək, beləliklə, Azərbaycanı zorla əldə saxlamaq idi. Hədəf Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi planını başa çatdırmaq idi.

 

Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutuldu; böyük sayda insan qətlə yetirildi. Şənbə gecəsi qanlı bir gecə oldu! Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edildi. Bu faciənin törədilməsi üçün xüsusi təyinatlı hərbi birləşmələrin tərkibinə 66 min nəfərdən çox əsgər və zabit daxil olmuşdu. Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb olunmuşdu.

 

Qanlı proses “Bakı əməliyyatı” adlandırılırdı. Əməliyyata rəhbərliyi birbaşa SSRİ müdafiə naziri D.Yazov, SSRİ daxili işlər naziri V.Bakatin, SSRİ DTK sədrinin müavini F.Babkov həyata keçirirdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə qabaqcadan elan olunmalıydı, lakin olunmadı. Məqsəd daha çox insanın ölümü ilə dəhşətli mənzərə yaratmaqdan, xalqın gözünü qorxudub, onun azadlıq mübarizəsini mənasızlaşdırmaqdan ibarət idi.  Fövqəladə vəziyyət elan olunana kimi isə artıq hərbi qulluqçular tərəfindən 82 nəfər amansızcasına qətlə yetirildi. 20 nəfər ölümcül yaralandı. Kütləvi insan qırğını törədildikdən sonra - yəni 20 yanvar 1990-cı il səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi. Halbuki, yanvarın 20-də saat 00:00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü.

 

Faciəvi hadisələr təkcə Bakıda baş vermədi, fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda -yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi. Ümumilikdə respublikada 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu.

 

Bütün bu hadisələrin konkret məsuliyyətli tərəfləri var idi: Azərbaycanın siyasi rəhbərliyi. Çünki hərbi təcavüzün qarşısını almaq üçün heç bir tədbir görmədi. Rəsmi Moskvanın əlaltısı olan siyasi rəhbərlik ölkəsində axıdılan qanlara laqeydliklə susdu. Bu cinayətlərin qarşılığında həmin siyasi elita istefa verməli idi, fəqət oturduqları kreslolardan ikiəlli yapışdılar.

 

SSRİ rəhbərliyi qatı günahkar idi, çünki Qara Yanvar ssenarisi Kremlin siyasi kabinetlərində hazırlanmışdı; əsgərə əmr yuxarıdan verilmişdi. Beynəlxalq hüquqla ortada insanlıq əleyhinə qəsd faktları olmasına rəğmən, bu cinayətlərin üstü örtüldü. SSRİ rəhbərliyindən kimsə mühakimə olunmadı, məhkəmə qarşısında dayanmadı, dəmir barmaqlıqlar arasına girmədi. Amma xalq onları mühakimə etdi, həm də daha ağır formada!..

 

Hadisələrin Sovet İttifaqı üçün nəticəsi, ağır cəzası o oldu ki, imperiya özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Qüdrəti ilə öyünən Sovet imperiyası tamamən çökdü. Sovet İttifaqı Kommunist Partiyası süqut etdi. İmperiyaya  bundan artıq və layiqli zərbə dəyə bilməzdi.

 

20 Yanvar faciəsi, ölkəmizin başı üzərindən əskik olmayan qara buludlar  xalqımızda dərin kədər yaratsa da, onu gələcəklə bağlı xəyallarından vaz keçirmədi, daha da mübariz etdi; milli azadlıq hərəkatını daha da böyütdü; müstəqillik yolunda güclü bir xalq dəstəyini formalaşdırdı...

 

20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildi. Bakıdakı siyasi rəhbərlik susarkən, o, 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Ümummilli Lider cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

 

Qanlı Yanvar hadisələrinə ilk hüquqi qiymət də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi. Azərbaycana siyasi rəhbərliyə qayıdanda da 20 Yanvar hadisələri diqqətdə saxlanıldı. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Bundan başqa, 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

 

Prezident İlham Əliyev tərəfindən bu xətt davam etdirildi və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırıldı. “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmana əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Son zamanlar dünyada baş verən qlobal iqtisadi böhran, ciddi inflyasiya və bunun Azərbaycana təsirləri nəzərə alınaraq bu ilin yanvar ayının əvvəlində imzalanan sosial dəstək fərmanlarında 20 Yanvar şəhidinin ailəsi də yer tutur.   Belə ki, 20 Yanvar şəhidinin ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 500 manatdan 600 manata qaldırılıb.

 

Beləliklə, 20 Yanvar şəhidlərinin xatirəsi ölkəmizdə layiqli şəkildə əbədiləşdirilib və bu istiqamətdə addımlar davamlı xarakter daşıyır.

 

Bu unudulmaz tarix özündə təkcə dəhşətli insan faciəsi faktlarını saxlamır, bu tarix həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın qeyrətini, şərəfini, əzmini özündə yaşadır. 20 Yanvar dəhşətli faciə olmaqla yanaşı, həm də Azərbaycan xalqının qorxmazlığının, cəsurluğunun, milli maraqlar üçün göstərdiyi böyük fədakarlığının qürurlu nümunəsidir.

 

Vəfa ALLAHVERDİYEVA