Lənkəran Dövlət Universitetində (LDU) Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə Azərbaycan tarixinin ən ağrılı səhifəsi olan 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar və Heydər Əliyev” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan LDU-nun rektoru professor Natiq İbrahimov 33 il öncə baş verən qanlı faciənin mahiyyəti, onu doğuran səbəblər, həmin vaxt ölkədə yaşanan xaos, xalqın apardığı azadlıq mübarizəsi, Qarabağ zəfəri barədə ətraflı söz açıb. Bildirib ki, 20 Yanvar təkcə faciə deyil, həm də Azərbaycan tarixinin qanla yazılmış şərəf, qürur salnaməsi, milli oyanış tarixidir. Professor N. İbrahimov dahi şəxsiyyət Heydər Əliyevin o dövrdə bütün siyasi maneələri aşaraq faciənin səhərisi gün Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gəlməsini, dərin hüzn içərisində xalqımıza başsağlığı verməsini böyük vətənpərvərlik nümunəsi adlandırıb. Rektor Ulu Öndərin idarəçiliyi dövründə hadisələrə siyasi-hüquqi qiymət verilməsindən, 20 Yanvar şəhidləri ilə bağlı imzalanan fərmanlardan da danışıb. N.İbrahimov Ümummilli Liderin faciə ilə bağlı fikirlərini xatırladıb, bildirib ki, azadlıq uğrunda canından keçən şəhidlər heç zaman unudulmayacaq, həmişə ehtiramla anılacaq.
Tarix və onun tədrisi metodikası kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Məlikov “20 Yanvar və Heydər Əliyev” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə faciəni doğuran tarixi şərait ətraflı təhlil olunub, hadisələrin rus imperiyasının həmin illərdə İttifaq respublikalarında, o cümlədən , Azərbaycanda yürütdüyü şovinist siyasətin acı nəticəsi olduğu vurğulanıb. Məruzədə qeyd edilib ki, böyük siyasi xadim Heydər Əliyev bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırıb. Həmçinin xalqımızda dərin hüzn yaratmasına baxmayaraq, hadisələri tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirib.
Sonra çıxış edən Lənkəran şəhər icra hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə, LDU-nun professoru, fililogiya elmləri doktoru Yədulla Ağazadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov 33 il öncə baş verən hadisələri Azərbaycanın qanla yazılmış şanlı tarixi, şərəf, qürur salnaməsi, qəhrəmanlıq səhifəsi kimi dəyərləndirib, xalqın azadlıq mübarizəsində Heydər Əliyevin müstəsna rolunu xüsusi vurğulayıblar.
Konfrans 20 Yanvar faciəsinə həsr edilən kitab sərgisinə və videofilmə baxışla başa çatıb.