ADNSU-da bu deviz altında startap turu təşkil olunub


Sentyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Microsoft” şirkətinin təşkilatçılığı ilə “İdeyadan biznesə” layihəsi çərçivəsində startap turu keçirilib.

 

ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov son illər universitetdə startap sahəsində görülən işlərdən danışıb. Tələbələrin innovativ ideyalarının inkişaf etdirilməsi üçün ADNSU-da “eazi START” Startap və İnnovasiya Mərkəzinin fəaliyyət göstərdiyini deyən Q.Məmmədov bura ABŞ, İsrail, Ukrayna və digər ölkələrdən mütəxəssislərin dəvət olunduğunu bildirib. İndiyədək universitetdə 2 dəfə startap festivalının keçirildiyini qeyd edən Q.Məmmədov tələbələrin bəzi layihələrinin uğur qazandığını diqqətə çatdırıb.

 

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov  “İdeyadan biznesə” layihəsinin konsepsiyası, məqsədi və hədəfləri barədə iştirakçıları məlumatlandırıb. Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə startap ekosisteminin inkişaf etdirildiyini vurğulayan Elçin Zeynalov startapın inkişafı üçün gənclərə hər cür şəraitin yaradıldığını qeyd edib. ADNSU-da startap ideyalarının inkişafına böyük diqqət yetirildiyini deyən E.Zeynalov indiyədək universitetin startap mərkəzinin bir neçə layihəsinin Fond tərəfindən maliyyələşdirildiyini bildirib.

 

Tədbir çərçivəsində iştirakçılar üçün informativ sessiya keçirilib. Sessiyada gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də startap-komandaların və ideyaların formalaşdırılması yolları öyrədilib.

 

Daha sonra tələbələrdən formalaşdırılan komandalar arasında müsabiqə keçirilib. Hər bir komandaya bir mentor rəhbərlik edib və onları müsabiqə üçün hazırlayıb. Sonda komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Yarışda 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar mükafatlandırılıb.