X respublika uşaq–yaradıcılıq müsabiqəsinin yekun mərhələsi keçirilib
Sumqayıtda “Fövqəladə hallar uşaqların gözü ilə” X respublika uşaq–yaradıcılıq müsabiqəsinin Sumqayıt şəhər və Xızı rayon mərhələsinə yekun vurulub. Tədbir Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin (RTİ) birgə təşkilatçılığı ilə reallaşıb.
RTİ-dən aldığımız məlumata görə, Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində şəhər və rayon məktəblilərinin “Fövqəladə hallar uşaqların gözü ilə” X respublika uşaq-yaradıcılıq müsabiqəsinə hazırladığı işlərə baxış keçirilib. Müsabiqədə şəhər və rayon məktəblərinin istedadlı şagirdləri rəsmlər, plakatlar, əl işləri, yanğın, qəza-xilasetmə texnikasının modelləri və yumşaq oyuncaqlar təqdim ediblər.
Təqdim olunan nümunələr münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqəyə təqdim edilmiş 250-ə yaxın işin içərisindən ən yaxşıları seçilərək “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinə təqdim olunub.
Tədbirin keçirilməsində məqsəd Fövqəladə Hallar və Elm və Təhsil nazirlikləri tərəfindən istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək göstərilməsi, uşaqlara təhlükəsiz həyat fəaliyyətinin öyrədilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, uşaqlar və gənclər arasında fövqəladə hallarla bağlı problemlərə ictimaiyyətin diqqətini yönəltməkdir.
Şakir CƏFƏROV