Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramları 33 ölkəni əhatə edir
Naxçıvanda “Avropa günləri”nin keçirilməsi ilə əlaqədar muxtar respublikaya gələn qonaqların bir qrupunun iştirakı ilə Naxçıvan Dövlət Universitetində görüş olub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov görüşün əhəmiyyətindən bəhs edib. Qeyd edilib ki, Naxçıvan Dövlət Universiteti xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq edir, müəllim və tələbə mobilliyi həyata keçirir.
Erasmus+ Milli ofisinin rəhbəri Pərviz Bağırov bildirib ki, müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və Avropa təhsil sisteminin formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında Avropa təhsil sistemini özündə əks etdirən “Erasmus+” proqramlarının mühüm əhəmiyyəti var.Qeyd edilib ki, “Erasmus” proqramları Avropada ali təhsilin keyfiyyətini artırmaq məqsədi daşıyan, universitetlər arasında ölkələrarası işbirliyini formalaşdırmağa çalışan ən böyük Avropa İttifaqı proqramıdır. 1987-ci ildə yaranmış, Avropa Birliyinin layihəsi olan proqram 2014-cü ilin yanvar ayında başlanmış təhsil, təlim, gənclik və idman üçün bütün Avropa Birliyinin hazırkı sxemlərini birləşdirir.
Vurğulanıb ki, Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+”proqramları Azərbaycan da daxil olmaqla 33 ölkəni əhatə edir. Yarandığı dövrdən bugünədək 1,5 milyondan artıq ali təhsil alan insan bu proqram vasitəsilə müxtəlif ölkələrə getmə şansı qazanıb. Diqqətə çatdırılıb ki, qısa müddətli (3 aydan 12 aya), uzunmüddətli (2 il ərzində) olmaqla, hər il 800-ə yaxın tələbə müxtəlif Avropa ölkələrində təhsillərini davam etdirirlər. Sonra tələbə və müəllimlərin sualları cavablandırılıb. Avropa birliyinin Azərbaycandakı gənc səfirləri tələbələrə oxuduqları xarici ölkə universitetləri, gənc səfir olmaq üçün müəyyənləşdirilmiş yaş həddi haqda məlumat verib. Bildirilib ki, gənc səfir üçün yaş həddi 15 yaşdan 28 yaşa qədər müəyyənləşdirilib.