Görüşdə 7 ölkənin səfiri iştirak edib


Naxçıvanda keçirilən “Avropa günləri”nin iştirakçısı olan Avropa İttifaqının rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar “Naxçıvan” Universitetində olublar. Qonaqlarla görüşdə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev  universitetin  inkişaf tarixindən bəhs edib. Bildirilib ki, “Naxçıvan” Universiteti 1999-cu ildə təsis edilib, müasir infrastruktura və yüksək texniki təchizata malik özəl ali təhsil müəssisəsidir. Hazırda universitetdə 1000-dən artıq tələbə təhsil alır.

 

Universitet dünyanın 50-dən yuxarı ali təhsil müəssisəsi ilə müxtəlif səviyyələrdə əməkdaşlıq edir.  Avropa İttifaqının maliyələşdirdiyi bir sıra beynəlxalq layihələrdə partnyor universitet kimi iştirak edir. “Erasmus Plus” xətti ilə AESOP və EQAC, “Tempus” xətti ilə ENOTE və COMOLTE layihələri icra edilib. Rumıniyanın Pteşti Universiteti ilə “Erasmus Plus” çərçivəsində tələbə-müəllim mobilliyi istiqamətində əməkdaşlıq edilir. Rektor onu da bildirib ki, keçən il universitetin 4 müəllimi həmin universitetdə kurs keçib.  Universitetin iki əməkdaşı İsveçin Kral Texnologiya İnstitutu və Upsala universitetlərində, Bundan başqa, iki əməkdaşı Vyana tələbə ombudsman aparatının təşkil etdiyi treninqlərdə iştirak edib. Həmçinin Almaniyanın Ludvik Maksimillians universitetinin koordinatorluğunda COMOLTE layihəsinə partnyor universitet kimi qoşulub. Rektor  diqqətə çatdırıb ki, Macarıstan Kornivus Universiteti ilə də ikili əməkdaşlıq əlaqələri qurulub. Hazırda Macarıstanın Pets Universitetində bir tələbə magistr təhsili alır.

 

Sonra Rumıniya, İsveç, Avsrtiya, Danimarka, Hollandiya, Almaniya və Böyük Britaniya krallığının səfirləri ölkələrin təhsili, coğrafiyası, mədəniyyəti barədə məlumat verib, tələbləri maraqlandıran sualları ətraflı cavablandırıblar. Sonda qonaqlar universitetin keçdiyi inkişaf yolunu əks etdirən vidoçarxa baxıb və xatirə şəkli çəkdiriblər.