Dünəndən  Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

 

Universitetdən bildirilib ki, imtahanlar əyani təhsil alanlar üçün şifahi və test (humanitar fənlər) üsulu ilə keçirilir. Qiyabi təhsil alan ( imtahan sessiyası 5-11 yanvar tarixlərini əhatə edəcək) I, II, III kurslar üçün imtahanlar test, IV və V kurslar üçün isə şifahi üsulla təşkil edilib.

 

Şifahi imtahanların keçirilməsi üçün AzTU-da 75 imtahan otağı, test imtahanları üçün isə 8 kompüter zalı ayrılıb.

 

Bakalavriat səviyyəsində təhsil alan 8400, magistratura səviyyəsində isə 1800 tələbənin qış imtahan sessiyasında iştirakı nəzərdə tutulub.

 

Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevralın 3-dən 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

 

Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir.  

 

Sessiya fevralın 1-də yekunlaşacaq.