Rektor Cəfəf Cəfərov : “Müəllimlik peşəsinə marağın artması həyata keçirilən islahatların müsbət nəticəsidir”


2018-2019-cu tədris ilində yüksək bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olunan tələbələrlə görüşlər davam edir. Novbəti görüş sentyabrın 21-də Kimya və biologiya, Riyaziyyat və informatika, Fizika və texnologiya fakültələrinə qəbul olunan tələbələrlə keçirilib. Görüşdə  ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor, professor Asəf  Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, fakültələrin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

 

Məlumat üçün bildirək ki, bu il Kimya və biologiya fakültəsinə 88 nəfər gənc 500-dən yüksək bal toplayaraq qəbul olunub. Onlardan 68-i “Kimya və biologiya  müəllimliyi”, 3 nəfəri “Kimya müəllimliyi”, 11 nəfəri isə “Biologiya müəllimliyi” ixtisaslarına qəbul olunub. “Kimya və biologiya müəllimliyi” ixtisasına qəbul olunanlardan 6 nəfəri 600-dən yüksək bal toplayıb.

 

Riyaziyyat və informatika fakültəsi üzrə həmin rəqəmlər belıədir: Fakültə üzrə-83 nəfər. “Riyaziyyat müəllimliyi” ixtisasına-14, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına-66 nəfər. “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunanlardan  3 nəfəri 600-dən yüksək bal toplayıb.

 

Fizika və texnologiya fakültəsinin “Fizika müəllimliyi” ixtisasına 2 nəfər gənc 500-dən yüksək bal toplayaraq qəbul olunub.

 

Görüşü giriş sözü ilə açan rektor Cəfər Cəfərov bildirib ki, yüksək bal toplayan gənclərin müəllimlik peşəsini seçmələri Azərbaycanın müasir həyatının dönüş nöqtəsidir. “Bu il 2090 nəfər gənc 500-dən çox bal toplayaraq müəllimlik peşəsini seçib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu faktı xüsusi qeyd edib. Müəllimlik peşəsinə marağın artması həyata keçirilən islahatların müsbət nəticəsidir.” Rektor xatırladıb ki, 2018-2019-cu tədris ilində ADPU-ya 4 mindən çox tələbə qəbul olunub. Cari tədris ilində filiallarla birlikdə yüksək bal toplayan 566 nəfər gənc ADPU-nu seçib. Bu, çox yüksək göstəricidir.

 

Rektor çıxışının sonunda tələbələrə yüksəkixtisaslı müəllim və fəal vətəndaş kimi yetişməyi tövsiyə edib, onlara həyatda və təhsildə daha böyük uğurlar arzulayıb.

 

Görüşdə tələbələrin tədris prosesi, imtahan qaydaları, Bolonya prosesi, kredit sistemi, yataqxana və dərslik təminatı, müəllim hazırlığı ilə bağlı sualları cavablandırılıb. 

 

Görüşün sonunda 648 bal toplayaraq Kimya və biologiya fakültəsinə qəbul olunmuş Afət Sadıqovaya, 616 bal toplayaraq Riyaziyyat və informatika fakültəsinə qəbul olunmuş Aygün Xəlilovaya, 537 bal toplayaraq Fizika və texnologiya fakültəsinə qəbul olunmuş Ləman Neymətliyə  hədiyyələr təqdim edilib.