Paytaxtın öz uğurları ilə sayılıb-seçilən ümumi təhsil müəssisələrindən biri olan Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə “Biliyini paylaş” layihəsi çərçivəsində riyaziyyat müəllimi Şəhla Yolçuyevanın təşkilatçılığı ilə interaktiv “Açıq dərs” keçirilib.
Şəhla Yolçuyeva tədris etdiyi fənnini “Misir piramidaları ”mövzusu üzrə texnologiya, tarix, coğrafiya, informatika, biologiya fənlərinə inteqrasiya edərək əldə olunan məlumatları şagirdlərin və dərsdə iştirak edən qonaqların diqqətinə çatdırıb. Dərsin interaktiv tədrisi, fənlər üzrə bir-biri ilə əsaslandırılmış şəkildə verilən məlumatlar şagirdlərin və “Açıq dərs”də iştirak edən qonaqların böyük marağına səbəb olub.
Dərs prosesində məktəbin tarix müəllimi Yeganə Misirzadə də “Misir piramidaları” haqqında məlumat verərək onun tədris etdiyi tarix fənninə inteqrasiyasını təmin etməklə bir sıra tarixi faktları söyləyib.
Dərsin əsas maraqlı məqamlarından biri isə 3D VR eynəklərdən istifadə olunaraq fəza fiqurlarının xüsusiyyətlərinin daha dərindən mənimsənilməsi üçün virtual olaraq Misir piramidalarına səyahətin edilməsi olub. Belə ki, şagirdlər piramidaların tikilişində hansı fiqurlardan istifadə olunduğunu daha yaxından görmək imkanı əldə ediblər. Bundan başqa, məktəblilər və eyni zamanda dərsdə iştirak edən qonaqlar onlara təqdim olunmuş QR-kodu scan edərək fəza fiqurları mövzusunda oyun əsaslı öyrənmə modelinin iştirakçısı olublar ki, bu da günümüzdə təhsildə tez-tez istifadə olunan maraqlı yanaşmalardan biri hesab edilir.
Dərs zamanı diqqətçəkən digər növbəti işlərdən biri şagirdlərlə yanaşı, qonaqların da plastilin və çöplərdən istifadə edərək müxtəlif fəza fiqurlarını hazırlayaraq əyani vəsait kimi təqdim etmələri olub.
Sonra “Biliyini paylaş” layihəsi çərçivəsində keçirilən“Açıq dərs” lə bağlı geniş müzakirə və fikir mübadiləsi aparılıb. 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova , layihə üzrə komanda üzvləri olan direktor müavinləri və müəllimlər, Bakıdakı 144 nömrəli tam orta məktəbin direktoru İlahə Həmidova, adıçəkilən layihə üzrə komandanın üzvü Nərgiz Hacızadə, komandanın mentoru Lütviyyə Yolçuyeva çıxış edərək dərslə bağlı fikirlərini söyləyiblər. Riyaziyyat müəllimi Şəhla Yolçuyevanın təşkilatçılığı ilə təşkil edilən “Açıq dərs”də əks-əlaqənin yaradılması, interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə , həmçinin oyun əsaslı öyrənmənin dərs prosesində uğurla tətbiqi diqqətə çatdırılıb.
Çıxışlarda, həmçinin bu cür əməkdaşlığın davamlılığını təmin etmək, biliklərin paylaşılması məqsədi ilə yaxın günlərdə reallaşdırılacaq digər işlərdən söz açılıb.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt müəllimləri üçün həyata keçirilən “Biliyini paylaş” layihəsinin əsas məqsədi ümumi təhsil müəssisələrində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübələrinin öyrənilməsidir.
Samirə KƏRİMOVA