31 avqust - 5 sentyabr tarixlərində Almaniyanın paytaxtı Berlində keçirilmiş “IFA 2018” - Beynəlxalq istehlak elektronikası sərgisində uşaqların qadcetlərdən asılılığını məhdudlaşdırmağa kömək edəcək yeni qurğu təqdim edilib.
www.techcult.ru saytının məlumatına görə, “TechDen” adlı qurğu bloklama stansiyası, eyni zamanda 26 santimetrədək diaqonallı ekrana malik 2 ədəd smartfon və ya planşet üçün anbardan ibarətdir. Valideynlər “iOS” və ya “Android” əməliyyat sistemləri üçün xüsusi proqramı yükləməklə, uşaqların mobil qurğulardan gündəlik istifadəsini planlaşdırmaq imkanı əldə edirlər. Bu plana uyğun olaraq, uşaqların hər biri öz qadcetindən müəyyən edilmiş vaxt ərzində istifadə edə bilər.
Ekranda əks olunan informasiya “icazə” seansının bitməsinə nə qədər vaxt qaldığı haqda uşağa məlumat verir. Bununla yanaşı, valideynlər uşağın mobil qurğudan nə zaman və necə istifadə etdiyinə nəzarət edə, həmçinin onun istifadə tezliyini izləyə bilərlər. Təyin edilmiş “normativ”ə müntəzəm olaraq əməl edən uşaq valideynlərindən həvəsləndirici mükafat tələb etmək hüququna malikdir.
Hazırda qurğunu “Kickstarter” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasından 119 dollara əldə etmək mümkündür.