Müasir dövrümüzdə tez-tez qarşılaşdığımız problemlərdən biri də uşaqlarda və məktəb dövrünün  aşağı siniflərində rast gəlinən hiperaktivlikdir. “Hiper” yunan sözü olub “yüksək”, “aktivas” isə “hərəkətli” deməkdir, yəni “yüksək, aşırı hərəkətlilik” anlamını verir.

 

Hiperaktivlik termini ilk dəfə 1845-ci ildə doktor Henrix Hoffman tərəfindən 3 yaşlı oğlu üzərində apardığı müşahidələrdən sonra ortaya çıxıb. Hiperaktivlik məktəb çağında olan uşaqların 3-5%- də üzə çıxan və ən çox da oğlan uşaqlarında rast gəlinən bir problemdir. Hiperaktivlik həm ailə, həm uşaq, həm də məktəb üçün kifayət qədər ciddi yanaşma tələb edən məsələdir.

 

Mövzuya “Orvita” Psixoloji və Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru psixologiya üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin müəllimi Ramidə Oqtayqızı ilə aydınlıq gətirdik.

 

- Hiperaktivliyin əlamətləri nələrdir və onu ilk olaraq nə zaman müşahidə etmək olur? Hiperaktiv uşaq digərlərindən nə ilə fərqlənir?

- Hiperaktivlik və diqqət əskikliyi bir sindrom olaraq qəbul edilir və daha çox 3-8 yaş aralıqda uşaqlarda müşahidə olunur. Uşağın dayanmadan atılıb-düşməsi, qışqıraraq hündürdən danışması, göz kontaktının itməsi, bir nəsnəyə davamlı olaraq diqqət yetirə bilməməsi, oxumada, yazmada problem yaşaması, ünsiyyət qurmada, bir yerdə oturmaqda çətinlik çəkməsi müşahidə olunur. Hiperaktivlik bir hərəkətdən digər hərəkətə qısa zaman ərzində məntiqsiz keçmədir. Yəni, uşaq anlamadan, bilmədən, mahiyyətinə varmadan bir haldan digər hala düşə bilir, ağlamaq, digər insanlara mane olmaq, ürəyi istəyəndə qışqırmaq, istədiyi zaman müəyyən ritmik hərəkətlər etmək istəyir. Hiperaktivliyin əlamətləri 2 tipə bölünür: 1. Hiperaktivlik ön planda olduqda; 2. Diqqətsizlik ön planda olduqda. Hiperaktivlik uşaq anadan olandan sonra yaranır. Bəzi uşaqlarda hiperaktivlik ön planda, diqqət əksikliyi geri planda və əksi olaraq diqqət əksikliyi ön planda, hiperaktivlik geri planda durur. Əksər hallarda oğlanlarda hiperaktivlik, qızlarda diqqət əksikliyi ön planda olur. Hiperaktivlik oğlan uşaqlarında qız uşaqlarına nisbətən 3 dəfə daha çoxdur.

 

- Hiperaktivlik təhsilə neçə təsir göstərir?

- Hiperaktivlik təlim prosesinə ciddi təsir göstərir. Yəni, bu sindromu olan uşaqlar bir şeyə diqqət yetirmək, müəllimi dinləmək, prosesi izləmək, ona nəzarət etmək və yadda saxlamaq qabiliyyətindən uzaqlaşır. Davamlı olaraq diqqətləri yayılır, hər gələn səsə baxırlar, başqa uşaqlardan fərqli olaraq reaksiyaları aktiv olur, onlara aid olan, olmayan fikirlərə müdaxilə etməyi sevirlər, hərəkətlərində qeyri-sabitlik müşahidə olunur. Əslində bu uşaqların çoxu ağıllı və dərrakəli olurlar, amma həddindən artıq hərəkətlilik və diqqətsiz olmaları, səbirsizlik, başladıqları işi sona çatdıra bilməmələri təhsildə və təlimdə yaxşı nəticə almağa mane olur.

 

Xüsusilə məktəb dövründə qayda-qanunlara uygunlaşmayan uşaqlar təlim prosesində problemlə üzləşirlər. Belə uşaqlar kənardan tez-tez xəbərdarlıq aldıqları, tənbəl, sözə baxmayan kimi tanındıqları üçün özgüvən əksikliyi yaşayırlar.

 

- Yəqin onların cəmiyyətə adaptasiyasında da cətinliklər yaranır?

- Bəli, onlar kollektivə, topluma gec uyğunlaşırlar. Belə tip uşaqlar 1-ci sinfə gedərkən daha çox gərginlik və diqqət problemi yaşayırlar. Hiperaktiv uşaqlar daim aktiv, hərəkətləri hər zaman xaotikdir. Onlar hər şeylə maraqlanır, hər şeyə əl uzadır, baxır, fikir söyləyir və qaydalara tabe olmaq istəmirlər. Həmin uşaqlar həmişə səs-küylü və dəyişkən oyunlara meyil göstərirlər. Adətən məktəbdən qayıdarkən belə uşaqlar müəyyən əşyalarını itirdiyinin fərqinə vara bilərlər. Onlar ev tapşırıqlarının yerini adətən unudur, ad yadda saxlamada da problemlər yaşayırlar.

 

- Valideynlərin üzərinə hansı məsuliyyət düşür? Hiperaktiv uşaqlarla necə davranmaq lazımdır ki, gündəlik yaşayışlarında çətinlik yaranmasın?        

- Valideynlər uşaqları üçün günlük bir proqram hazırlamalıdırlar. Uşağın yuxudan durmağı, yemək yediyi, çimdiyi, məktəbə getdiyi, evdən çıxdığı və s. hər birinin saatı eyni və dəqiq olmalıdır. Uşağı insanların çox olduğu yerlərə, ticarət mərkəzlərinə aparmamalı, orada həddən artıq qaydalar varsa, uşağı uzaq tutmalıdırlar. Uşağınızı gözəl sözlərlə qucaqlamaqla mükafatlandırmaq, düzgün davranışları üçün balaca hədiyyələr vermək önəmlidir. Uşağı vurmamalı, bunun əvəzinə ciddi qaydalar tətbiq edib tərbiyə etməlidirlər. Misal üçün, uşağınızın hiperaktiv hərəkətləri sizi narahat edirsə, bu zaman onun hərəkətlərini görməzdən gəlib və ya başqa bir məşğuliyyətə cəlb etmək lazımdır. Belə uşaqlarda aqressiyanı, enerjini sərf etməyin ən gözəl üsulu üzgüçülük, taekvando, digər hərəkətli idman növləri ilə məşğul olmaqdır. Hiperaktiv uşaqlar gün ərzində bir saat belə boş qalmamalıdır. Gəzməli, parka getməli, açıq havada çox olmalıdır. Çünki onlarda diqqət dağınıqlığı olur. Oksigen belə uşaqlarda diqqət dağınıqlığını  aradan qaldırmağın ən yaxşı üsuludur.

 

-Məktəbdə, təlim-tərbiyə prosesində nələrə diqqət edilməlidir?

-Məktəb hiperaktiv uşaqlar üçün əsil narahatlıq mənbəyidir və problemin əlamətləri sinif şəraitində daha çox üzə çıxa bilir. Səbrli olmaq əsas şərtdir. Hiperaktiv uşaqları əsasən uşaq qrupu az olan siniflərə cəlb etmək lazımdır. Çünki bu qruplarda onlara daha çox diqqət ayrılır. Hiperaktiv uşaqlarla xüsusi müəllimlərin məşğul olması daha məqsədəuyğundur. Uşaq müəllimin qarşısında oturmalı, pəncərəyə yox, lövhəyə yaxın olmalıdır. Uşaq dərs hazırlayanda arada istirahət etməsinə izn verilməli, uzun müddətli tapşırıqları kiçik hissələrə bölünməlidir. Bununla da uşaq bir işi sona qədər tamamlamaq duyğusunu hiss edir və tapşırığı axıra kimi həll edir. Fərqli məşğələlər gün ərzində müxtəlif vaxtlara bölünməlidir. Musiqi, rəsm kimi məşğələlər ağır fənlərin arasına daxil edilməlidir. Uşaqdan hər zaman eyni nəticəni göstərməsini gözləmək lazım deyil, nəticə pis olsa da, dəstəkləmək lazımdır.

 

- Hiperaktivliyin aradan qaldırılması yolları hansılardır?

- Hər uşaq üçün müalicə fərqlidir. Sindroma kompleks yanaşma vacibdir. Hiperaktivlik həkim və psixoloqlar tərəfindən qismən aradan qaldırıla bilər. Valideynlərin  müəllimlərlə daim əlaqədə olaraq birgə dəstək göstərmələri çox vacib amildir. Psixoloq uşaqda yaranan davranış pozğunluqlarını aradan qaldırmalı, onları cəmiyyətə adaptasiya etməlidir. Psixoloji məşğələlər nəticəsində hiperaktivlik aradan qalxmasa da, kifayət qədər zəifləyəcəkdir. Hiperaktivlik sindromunun dərmanlarla müalicəsi uşağın məktəb fəaliyyəti zamanı diqqətini toplamağa kömək edər və uşağın həyat keyfiyyəti hiss olunacaq dərəcədə düzələr.

                                                       

Dilrubə SƏRDARQIZI