21 sentyabr-Beynəlxalq Sülh Günü münasibətilə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində respublika Humanist Pedaqogika Mərkəzinin əməkdaşları ilə birgə tədbir keçirilib. Tədbirdə kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxış edərək bu günün beynəlxalq səviyyədə keçirilməsinin əhəmiyyətindən danışıb. Tələbələrdə insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltmək üçün bu tipli tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Həmçinin, tədbirdə Humanist Pedaqogika Mərkəzinn rəhbəri Rza Xəlilov və mərkəzin vitse- prezidenti Aida Ocaqova çıxış edərək sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması və sülhsevərliyi ilə fərqlənən Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd ediblər. 

 

Sonda Humanist Pedaqogika Mərkəzinin və kollecin tədbirlərində fəal iştirak edən könüllülərə sertifikatlar təqdim edilib, Beynəlxalq Sülh Günü ilə əlaqədar tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunub.