Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ilə Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin direktoru Fəlah Quliyev arasında görüş keçirilib.
Təhsil, elm, təlim və məşğulluğa dair müxtəlif məsələlərin müzakirə olunduğu görüşdə hər iki tərəfdən nümayəndələr, o cümlədən ADNSU-nun cihaz mühəndisliyi kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Rektor, professor Mustafa Babanlı qonaqlara universitet haqqında məlumat verərək buradakı təhsil və tədris prosesi haqqında danışıb. Bidirilib ki, bu gün ADNSU-da yüksək ixtisaslı kadr hazırlığı həyata keçirilməklə yanaşı, universitet həm də tədqiqat yönümlü istiqamətlər və elmi nailiyyətlərdə də yeni mərhələyə qədəm qoyub.
“Cihaz” İB ilə əməkdaşlığın önəmindən danışan rektor M.Babanlı universitetdə “Cihaz mühəndisliyi” ixtisası üzrə təhsil verildiyini, eyni adlı kafedrada bu sahədə kifayət qədər təcrübəli professor-müəllim heyətinin çalışdığını və yüksək ixtisaslı mütəxəssislərin hazırlandığını qeyd edib.
“Cihaz” İB-nin direktoru F.Quliyev də universitetlə əməkdaşlığın onlar üçün əhəmiyyətindən danışıb. Həmçinin bildirib ki, universitetlə bundan sonra da daha sıx əməkdaşlıq ediləcək, tələbələrin müəssisədə təcrübə keçməsi ilə yanaşı, orada ixtisaslarına uyğun daimi işlə təmin olunması diqqətdə saxlanılacaq.
Görüşdə müzakirə olunan məsələlərin reallaşması və hüquqi əsasını tapması üçün tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb.