ADU-da Beynəlxalq ərəb dili günü qeyd edilib


Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq ərəb dili günü münasibətilə tədbir keçirilib.

 

Tədbirdə 12 ərəb dövlətinin Azərbaycandakı səfiri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla çıxış edərək bildirib ki, ərəb dili dünyanın qədim və zəngin dillərindən biridir, ölkəmizdə də ərəb dilinə maraq böyükdür:“Bu gün Beynəlxalq ərəb dili günü ilə bağlı olduqca vacib bir tədbirin iştirakçılarıyıq. Ərəb dövlətləri ilə ölkəmiz arasında sıx dostluq və  strateji tərəfdaşlıq münasibətləri olduqca əhəmiyyətlidir. Biz hər zaman ərəb dövlətlərinin ölkəmizə olan mənəvi dəstəyini görmüşük. Bu mənəvi dəstək 44 günlük Vətən müharibəsində də davam etdi”.

 

Daha sonra çıxış  edən  Mərakeşin ölkəmizdəki səfiri cənab Adel Embarş səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, ərəb dili söz ehtiyatının genişliyi cəhətdən dünyanın zəngin dillərindən biri hesab edilir: “Beynəlxalq ərəb dili günü 1973-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyasında qurumun rəsmi dili elan edilib. 2010-cu ildən etibarən 18 dekabr tarixi Beynəlxalq ərəb dili günü kimi qeyd edilir. Mütəxəssislər bu təşəbbüsün mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə və dünyanın müxtəlif dillərinin inkişafına yardım etdiyini bildirirlər. Hazırda dünyada 450 milyondan çox insan ərəb dilində danışır”.

 

Daha sonra ərəb dünyası haqqında videoçarx təqdim olunub.

 

Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.

 

Sonda tədbir iştirakçıları ərəb mətbəxi ilə tanış olublar.