Bakı Dövlət Universitetində (BDU) Gənclər Fondunun fərdi qrant müsabiqəsində qalib olan "İnnovativ Gənc Mühəndislər" layihəsinin seçim turları keçirilib.

 

Əvvəlcə layihənin rəhbəri Orxan Güləhmədov iştirakçılara seçim turları, təlimlər və qaliblərin seçilməsi prinsipləri barədə ətraflı məlumat verib.

 

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov layihənin önəmini vurğulayıb. Qeyd edib ki, layihə gənclərin elmi-texniki biliklərini daha da inkişaf etdirəcək və gələcəkdə yaxşı mütəxəssis kimi yetişmələrinə zəmin yaradacaq.

 

Seçim turlarında iştirakçılara 27-si intellektual, 8-i isə elmi-texniki xarakterli olmaqla 4 variant, 35 sualdan ibarət test tapşırıqları təqdim olunub. Seçim turları 50-dən çox iştirakçı arasında bir saat ərzində həyata keçirilib və hər iki turun nəticələrinə əsasən, təlim mərhələsinə keçən 20 nəfər iştirakçının adı müəyyən edilib.

 

Layihənin əsas məqsədi gənclərin elmi-texniki, praktiki bacarıqlarını, intellektual səviyyələrini inkişaf etdirmək, asudə vaxtlarını səmərəli keçirmələrini təşkil etmək, dövlət gənclər siyasətinin reallaşdırılmasına dəstək olmaq, gənclərdə yaradıcılıq işlərinə marağı artırmaqdır.