Məlum olduğu kimi, 2021-2022-ci və ya 2022-2023-cü tədris illəri üzrə 431 tələbə və magistrantın təhsil xərci Gənclər Fondu tərəfindən qarşılanacaq. Təhsil xərci qarşılananlar arasında Mingəçevir Dövlət Universitetinin (MDU) 23 tələbəsi də yer alıb.

 

Təhsilin gənclər üçün daha da əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsi məqsədilə keçirilən müsabiqə zamanı müraciətçilərin davamiyyəti, akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda əldə etdikləri nailiyyətləri, sosial həssaslıq dərəcəsi və ictimai fəallığı nəzərə alınıb. 

 

Məlumat üçün bildirək ki, dekabrın 21-də Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibləri ilə görüş keçirilib. Görüşdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin sədr müavini Adil Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Prezident Administrasiyasının Gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müsabiqə qalibləri iştirak ediblər. Görüş zamanı qalib gənclərlə bağlı infoqrafik videolar nümayiş etdirilib və onlarla müqavilələr imzalanıb.