Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfrans keçirilib.
Tədbir “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunub.
Konfransda dövlət və hökumət rəsmiləri, Yeni Azərbaycan Partiyasının nümayəndələri, millət vəkilləri, ictimai xadimlər və mətbuat nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov konfransın əhəmiyyətindən söz açıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair” I Dövlət Proqramının Tədbirlər Planı ilə bağlı təqdimatla çıxış edib.
Daha sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Böyük Qayıdış Proqramının ekoloji aspektləri”, elm və təhsil naziri Emin Əmrullayev “Böyük Qayıdışda insan kapitalının rolu”, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Böyük Qayıdış: şəhərsalma siyasətinin hədəfləri” mövzularında məruzələr ediblər.
Bildirilib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər, onlara uyğun hədəf göstəriciləri, əhalinin doğma torpaqlarına qayıdışı məsələləri, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının Tədbirlər Planı bölməsində 25 fəaliyyət istiqaməti üzrə görüləcək 188 tədbirin icrası nəticəsində 237 ilkin, 238 aralıq və 163 yekun nəticə indikatorları olmaqla ümumilikdə 638 indikator müəyyənləşdirilib.
Tədbirin sonunda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb. Müraciəti Tahir Budaqov səsləndirib.