Azərbaycanın 44 günlük haqq savaşı böyük Zəfərlə bitdi.  Bu Zəfəri bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev, qəhrəman oğullarımız və xalqımızın birliyi qazandırdı. Müharibələr, qələbələr itkisiz olmur. Düşmənin ayağını Vətən torpağından kəsmək istəyirsənsə, əlbət, bu yol uğrunda canından keçməyə hazır olmalısan. Gözünü qırpmadan canını bu yurda, bu torpağa qurban verməyə hazır olan oğullardan kimi şəhidlik zirvəsinə ucaldı, kimi də sağlamlığından olaraq qazi kimi şərəfli adı daşıyır. Bu gün həmin oğulların qəhrəmanlığı, şücaəti sayəsində biz azad torpaqlarımızda addımlaya, Vətənimizin müstəqilliyindən qürurla danışa bilirik.

 

Biz qalib ölkənin qalib vətəndaşlarıyıq. Bu gün şagirdlərimiz orta məktəblərdə daha işğal tarixlərini deyil, qələbə tarixlərini əzbərləyirlər.

 

İdrak liseyində şagirdlərə yüksək təhsillə yanaşı, mənəviyyat da aşılanır. Şagirdlərin vətənpərvər ruhda böyüməsi, millətinə, dövlətinə layiqli vətəndaş kimi yetişməsi üçün xüsusi diqqət ayrılır. Elə bunun nəticəsidir ki, liseyin IX“A” sinif şagirdi Fuad Ruslan oğlu Tağızadə məktəblilər arasında keçirilən və Qarabağımızın gözü Şuşaya həsr olunan inşa müsabiqəsinin qalibi oldu. 

 

Qeyd edək ki, noyabrın 22-də elm və təhsil naziri Emin Əmrullayevin  müvafiq əmrinə əsasən, ölkə üzrə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda keçirilmiş inşa müsabiqəsinin mükafatlandırılma mərasimi baş tutub. İdrak liseyinin 9-cu sinif şagirdi Fuad Tağızadə I yerə layiq görülüb. 44 günlük Vətən müharibəsindən bəhs edən və şagirdlərin Azərbaycan dilində yazı bacarıqlarını inkişaf etdirmələri məqsədi daşıyan müsabiqə onların həm də vətənpərvər ruhda böyümələrinə xidmət edir. 

 

Fuad Tağızadəyə birincilik qazandıran həmin inşadan kiçik bir hissəni oxuculara tədim edirik:

 

“Və indi Şuşa əsl sahiblərinə qovuşub. İndi hər bir azərbaycanlı alnıaçıq, başı dik formada Qarabağ Azərbaycandır!” deyə bilir. İndi orada üzərinə Azərbaycan əsgərinin qanı tökülmüş qorxunc qayalar, sərt aşırımlar dilə gəlir, Vətənə səcdə edirlər. İndi orada hər daşdan, hər qayadan cənab Ali Baş Komandanın bu sözləri hayqırır: “Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!”, “Əziz, Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!””

 

Bəli, bu gün biz azad olunmuş torpaqlarımızı dirçəldir, onu əvvəlki gözəlliyinə qovuşdurmağa çalışırıq. Qələbəmizdən cəmi 2 il ötməsinə baxmayaraq, Qarabağımızda bərpa, quruculuq işləri həyata keçirilir. Yeni yollar salınır, yeni yaşayış massivləri istifadəyə verilir. Vaxtilə yurd-yuvalarından gözüyaşlı didərgin düşmüş insanlar bu gün gözlərində böyük sevinc və ümid hissi ilə o torpaqlara geri qayıdırlar. Qələbəmiz böyükdür, ona görə də yazıb yaratmağa davam...

 

Mönsüm ALIŞOV,

İdrak liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor