Qalib layihənin təqdimatı keçirilib


Bərdədə Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə  qalibi olan “Sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional Forumu” layihəsinin təqdimatı keçirilib. Tədbirdə rayon təhsil şöbəsinin əməkdaşları ilə yanaşı psixoloqlar, loqopedlər, sağlamlıq imkanları məhdud uşaqlarla işləyən mütəxəssislər iştirak ediblər.

 

Layihənin rəhbəri Bərdə şəhər inklüziv komponentli günüuzadılmış tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Vüsalə Hüseynova təqdimatla çıxış edərək bildirib ki, layihənin əsas məqsədi cəmiyyətin diqqətini sağlamlıq imkanları məhdud uşaqlara yönəltməkdir.

 

V.Hüseynova qeyd  edib ki, layihə çərçivəsində 100-ə yaxın sağlamlıq imkanları məhdud uşaqla işləyən mütəxəssislərlə  iş aparılacaq. Bunlar sorğular keçirilməsi, təkliflərin toplanması, valideynlərlə  effektiv əlaqələrin qurulması və mütəxəssislərin inklüziv təhsillə bağlı  bilik və bacarıqlarının artırılmasından ibarət olacaq.

 

Eyni zamanda layihə çərçivəsində əsas fəaliyyətlərdən biri sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional Forumunun keçirilməsidir. Forumda sağlamlıq imkanları məhdud uşaqların qarşılaşdıqları problemlər, onların inklüziyası və cəmiyyətə inteqrasiyası, birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyətlər müzakirə ediləcək. Foruma Bərdə, Tərtər və Ağdam rayonları ilə yanaşı Qarabağ bölgəsindən 100-ə yaxın sağlamlıq imkanları məhdud uşaq cəlb olunacaq. 

 

Tədbirdə iştirak edən Bərdə Rayon Təhsil Şöbəsinin müdir müavini Xuraman Qurbanova və metodist Vüsal Quliyev layihənin əhəmiyyətini vurğulayaraq, onun sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası  baxımından faydalı olacağını qeyd ediblər.

 

Tədbir  qarşılıqlı müzakirə şəklində davam edib.  İştirakçılar gələcəkdə bu cür maarifləndirici layihələrin və tədbirlərin keçirilməsinin zəruriliyini, valideyn məsuliyyəti və valideynlərin inklüziv təhsillə bağlı maarifləndirilməsi, mütəxəssislərin  vəsaitlərlə və avadanlıqlarla təmin edilməsi,  rayon məktəblərində psixoloq kabinetinin təşkili ilə bağlı təkliflər səsləndiriblər.