İnternat uşaqlarının yeni il arzuları


Hansından soruşsan, evində, ailəsinin yanında olmaq, onlarla birgə yaşamaq, aldığı havanı udmaq, yediyindən yemək, içdiyindən içmək, lap onlarla ac yatmaq ən böyük arzusudur. “İnternat tipli müəssisələrdə uşaqların yeni il arzularını öyrənmək istəyirəm”, deyəndə aldığım cavab bu oldu. Həmin müəssisələrlə işləyən hər kəs onların böyük arzusundan xəbərdardır. Bu arzuyla yatıb, bu arzuyla duran, ailəsinə getmək üçün həftə sonunu, bayramı gözləyən büllur kimi gözlər, həsrət çəkən ürəklərlə birlikdəyik. Yeni ildən, şaxta babadan nə gözlədiklərini bilmək istəyirik. “Bu zamanda Şaxta babaya inanan qaldımı”, deyəcəksiniz bəlkə. Amma onların hər təsadüfə möcüzə kimi baxdıqlarını nəzərə alsaq, Şaxta babadan da nəsə gözləmələri heç təəccüblü deyil. Gəlin, internat tipli müəssisələrin sakinlərinin gələcək illərdən gözləntiləri ilə tanış olaq.

 

Aydanın şirin arzusu

 

8 saylı Sanatoriya tipli internat məktəbinin IX sinif şagirdidir Aydan Hacıbəyova. Bakının Buzovna qəsəbəsindən olan balaca Aydan uğurların açarlarına bağçadan yiyələnməyə başlayıb: “2012-ci ildə bağçaya getdim. Tərbiyəçi-müəllimlərimin sayəsində bağçada bir çox bacarıqlar əldə etdim. Fəal oldum və tədbirlərdə mahnı oxudum, rəqs etdim, şeir dedim. Beləcə, şeirə, rəqsə böyük həvəsim yarandı. 2014-ci ildən 8 saylı Sanatoriya tipli internat məktəbində təhsil alıram. Yenə fəal olmağa çalışır, məktəbimizin tədbirlərində öz bacarıqlarımı nümayiş etdirirəm”.

 

Qarşıdan gələn bayramlara da həvəslə hazırlaşır: “Ən çox sevdiyim bayramlardan biridir Yeni il bayramı. Hər il çox təntənəli şəkildə qeyd etdiyimiz bayramlardandır. Ənənəvi olaraq əvvəlcə yeni ilin gəlişi münasibəti ilə məktəbdə şənlik keçirəcək, sonra isə ailəmlə birlikdə 2023-cü ili qarşılayacağıq”.

 

Aydan arzularından, bu istiqamətdə qurduğu planlarından da danışıb: “Hal-hazırda IX sinifdə təhsil alıram və bu, məktəbimizdə son ilimdir. Burada təhsilimi tamamlayan kimi sevdiyim peşəyə yiyələnmək istiqamətində addımlar atacağam. Ən böyük arzum şirniyyatçı olmaqdır”.

 

Aydan bağçadakı tərbiyəçilərini, məktəbdəki müəllimlərini unutmayacağını deyir: “Müəllimlərim bilik və əlavə bacarıqlar qazanmaqda mənə kömək edirlər.  Məhz onların sayəsində təhsildə uğurlar əldə etdim, müxtəlif bacarıqlara yiyələndim”.

 

Davidin zirvədəki xəyalı

 

“Ən böyük arzum vətənimə, xalqıma layiqli övlad olmaqdır”, deyir David Bəkirov. Qəlbi vətənpərvər hisslərlə doludur. Elə bu hislərlə də həm yaxşı oxuyur, həm də gələcəyini bağlamaq istədiyi bacarıqlara yiyələnir. O da 8 saylı Sanatoriya tipli internat məktəbinin şagirdidir. Məktəbə 2014-cü ildə elə burda başlayıb. Amma doğma məktəbi ilə yollarını ayırmaq vaxtı yetişib: “9 illik təhsilimi internat məktəbində tamamladıqdan sonra təhsilimi tam orta məktəbdə davam etdirəcəyəm”.

 

David, sadəcə yaxşı oxumur, həm də fəal idmançıdır. Üstəlik, idman onun gələcək planında da əsas yer tutur: “Sərbəst güləşlə məşğul oluram. Müxtəlif milli və beynəlxalq yarışlarda iştirak edib nailiyyətlər əldə etmişəm. Gələcəkdə hansı peşənin sahibi olacağıma qəti qərar verməmişəm. Hansı sahədə fəaliyyət göstərəcəyimdən asılı olmayaraq, güləşi buraxmaq niyyətim yoxdur. Əksinə, sərbəst güləş növündə daha çox uğur qazanmaq və bu sahə ilə gələcəkdə də məşğul olmaq, idman ustası kimi yetişmək istəyirəm”.

 

Bir vətənpərvər yeniyetmə üçün bayrağını zirvələrə qaldırmaqdan böyük arzumu var?

 

Bütün uşaqlar kimi, bayram onun üçün də xüsusi önəm kəsb edir: “Yeni il isə ən özəlidir. Yeni ili evimizdə, ailəmlə birlikdə keçirəcəyəm”.

 

Uğuru sevdiklərinə bağlı qızcığaz

 

 

Ayşən Orucova 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin VI sinif şagirdidir: “5 ildir burada təhsil alıram. Dərslərimi yaxşı oxuyuram, müəllimlərimin tapşırıqlarına, tövsiyələrinə əməl edirəm. Burada bizim öz qaydalarımız var və mən həmin qaydalara riayət edirəm. Səliqəli olmağa, məsuliyyətli davranmağa çalışıram. Bütün bu keyfiyyətlər gələcək arzumu reallaşdırmağımda, hətta uğur qazanmağımda da mənin ən böyük köməyim olacaq. Çünki mən həkim olmaq istəyirəm, səliqəli, məsuliyyətli, savadlı, bacarıqlı bir həkim. Həkimlik hazırda ən böyük arzumdur, amma təşkilatçılığı da sevirəm. Tədbir təşkil etmək çox xoşuma gəlir. Hələ bu, bayram tədbirləri olarsa, daha da həvəslənirəm. Bayramlar mənim üçün xoşbəxtlik deməkdir. Yeni ildən ən böyük gözləntim isə sevdiklərimin sağlamlığıdır. Əgər onlar sağlam olarsa, mən daha çox çalışıb, daha böyük, çoxlu yeni nailiyyətlər qazanmağa hazıram”.

 

 

Ədilənin ədalət dünyası

 

11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin daha bir şagirdi - Ədilə Əliyeva mehribanlığı ilə diqqətimizi çəkir. Müəllimləri onun, sadəcə mehriban yox, həm də xeyirxah olduğunu deyir. Çoxsaylı müsbət keyfiyyətləri sırasına intizam və məsuliyyət də sığdırıb qəmzəli məktəblimiz.

 

Təhsilinə burda başlayıb, arzularını burda böyüdüb. Qarşısında da böyük hədəfləri var. İnsanların hüquqlarını məhkəmələrdə müdafiə edəcək: “Ən böyük arzum ali məktəbə qəbul olmaq, tələbə adı qazanmaqdır. Hüquq təhsili alaraq vəkillik fəaliyyəti ilə məşğul olmaq istəyirəm. İngilis dilini həvəslə öyrənirəm”.

 

O qədər uzaq olmayan planına gəlincə, yeni il bayramına hazırlaşır: “Ailəmlə birgə bayramı qeyd edəcəyəm. Yeni ildən dərslərimdə böyük uğurlar gözləyirəm. Qoy, gələn il xalqıma, ailəmə, bütün sevdiklərimə xoşbəxtlik gətirsin”.

 

Muradın inancından doğan muradı

 

Murad Məmmədov 10 nömrəli sanatoriya tipli internat məktəbində IX sinifdə oxuyur. Yoldaşları ilə isti münasibət qurub. Dostları, müəllimləri onun səmimi və dürüst olduğunu deyir. Ehtiyacı olandan köməyini əsirgəmir. Müəllimləri deyir ki, nizam-intizamlı və vətənpərvərdir.

 

Bəz özü? Özü haqqında özü nə düşünür? Özünə inancı tamdır. Dediyinə görə, dərslərindən  yaxşı qiymətlər alır: “Ən böyük arzum Polis Akademiyasına daxil olmaqdır. Asudə vaxtlarımda futbol oynamağı və kitab oxumağı sevirəm. Gələcəkdə dövlətimə sadiq, xalqıma layiq bir insan olmaq istəyirəm. Millətimə şərəflə xidmət göstərəcəyimə inanıram”.

 

Yeni il arzuları da yeni il işıqlarına bənzəyir, hər yerdə hamı xoşbəxt olsun istəyir: “Təhsil aldığım məktəbdə hər il köhnə ili şad-xürrəm yola salıb, həyəcanla yeni ili gözləyirik. Amma həmişə yeni ili ailəmlə qarşılayıram. Bayramları hər il məktəbimizdə şənliklərlə qeyd edirik. Bir ağdamlı olaraq, gələn ildən bayramı öz torpağımda, Ağdamda keçirməyi diləyirəm. Yeni ildən əvvəl biz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edəcəyik. Mənim üçün həmin gün çox əhəmiyyətlidir. O gün içimdən həm mənimlə bu ölkədə yaşayan, həm də müxtəlif səbəblərdən xarici ölkələrdə olan hər kəsi təbrik etmək, bu günün dəyərini bütün həmvətənlərimlə paylaşmaq, bölüşmək istəyirəm”.

 

Züleyxanın dünyaya sığmayan arzusu

 

Züleyxa Cəfərli 10 nömrəli sanatoriya tipli internat məktəbinin rəssamıdır. Yaxşı əl qabiliyyəti var. Duyğularını, fikirlərini musiqi ilə bəsləyir. Ən böyük arzusu ali təhsil müəssisələrinin qapılarından girməkdir: “Gələcəkdə ADA Universitetində oxumaq istəyirəm. Hədəfim neft mühəndisi olmaqdır”.

 

IX sinif şagirdi xarici dilləri öyrənməyə də həvəslidir.

 

Yeni ildən isə gözlədiyi çox şey var, özü da təkcə özü üçün yox: “İstəyirəm bundan sonra xəstəlik və müharibə olmasın. Həmişə sülh və əmin-amanlıq olsun, uşaqlar atasız-anasız, valideyinlər oğulsuz qalmasın. Sadəcə həmvətənlərimə, soydaşlarıma yox, bütün dünya  uşaqlarına xoşbəxt  uşaqlıq yaşamalarını arzu edirəm”.

 

Ruhiyyə DAŞSALAHLI