Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq, Prezident yanında Bilik Fondunun icra etdiyi “İlboyu bilik” proqramının növbəti ünvanı Gəncə şəhəri olub.
Təhsil Nazirliyinin və Bilik Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılan layihədə iştirak edən fondun lektorlar qrupunun üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə Gəncə şəhər Nigar Rəfibəyli adına 43nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüb. Tarixçi alim fondun “İlboyu bilik” proqramı çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzusunda mühazirə oxuyub. XX əsrin əvvəllərində ölkənin ictimai-siyasi vəziyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu haqqında ətraflı məlumat alan yuxarı sinif şagirdləri mühazirəni maraqla qarşılayıb.