Braziliyanın Paraiba Federal Universitetinin beynəlxalq münasibətlər fakültəsinin tələbələrinə “Azərbaycan multikulturalizmi” fənni üzrə onlayn mühazirələr təqdim edilib. 15 tələbənin iştirak etdiyi ilk mühazirədə Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Rəşad Novruz da çıxış edib. 

 

Beş gün davam edən layihə çərçivəsində “Azərbaycan multikulturalizminin meydana gəlməsinin obyektiv və subyektiv səbəbləri", “Etnik-milli müxtəliflik Azərbaycan Respublikasının multikulturalizm siyasəti kimi”, "Çoxkonfessiyalılıq Azərbaycan Respublikasının multikulturalizm siyasəti kimi", "Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti" və "Azərbaycan multikulturalizmi və dünya ölkələrində multikulturalizm modelləri" mövzularında mühazirələr təqdim olunub.

 

Tələbələr Azərbaycandakı multikulturalizm modeli haqqında məlumat əldə etməklə yanaşı, ölkəmizin tarixi inkişafının əsas cəhətləri, multikultural cəmiyyətin formalaşma xüsusiyyətləri ilə tanış olub,  Azərbaycan, Kanada, ABŞ, Avstraliya və Fransadakı multikulturalizm modellərinin müqayisəli təhlilini aparıblar. Tələbələrə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) fəaliyyəti və həyata keçirdiyi layihələr, xüsusilə də, Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri və “Azərbaycanın Gənc Dostları Klubu"  haqda geniş məlumat verilib.

 

Mühazirələri BBMM-in Tədris şöbəsinin müdiri İrina Kunina təqdim edib.
Məlumat üçün bildirək ki, “Azərbaycan multikulturalizmi fənni” dünyanın 22 aparıcı universitetində tədris olunur.