Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan xarici tələbələr arasında praktiki biliklər üzrə yarışma keçirilib. Tədbir ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. Məqsəd aşağı kursda təhsil alan əcnəbi tələbələrin ilkin yardımın göstərilməsi üzrə baza biliklərini yoxlamaq və bu bacarıqları gücləndirməkdən ibarət olub.  

 

Müsabiqədə ATU-nun İran, İraq, Hindistan, Efiopiya, Latın Amerikası, Türkiyə, Afrika, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Fələstin, Pakistan, Sudan, Misir və digər ölkələrdən olan tələbələri iştirak ediblər.

 

Yarışmadan öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təmsilçisi Əminə Cabbarova qurumun fəaliyyəti haqqında təqdimatla çıxış edib.

 

Sonra 6 qrupdan ibarət komandalar arasında yarışma keçirilib. Tələbələr çox vaxt həyatı xilas etməyə səbəb olan bacarıqlar - yaralanmalar və zədə almalar, zəhərlənmələr, günvurma zamanı göstərilən ilkin yardım, ürəyin masajı və s. kimi bacarıqları mulyaj və maketlər üzərində nümayiş etdiriblər.

 

Sonda qalib komandaya hədiyyə, müsabiqə iştirakçılarına isə sertifikat təqdim olunub.