Mövzu akademik Həsən Abdullayevin 100 illiyinə həsr olunub
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Akademik Həsən Abdullayev: görkəmli fizik” mövzusunda “İnteraktiv açıq dərs” keçirilib.
Görkəmli fizik, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin həyat və fəaliyyətinə həsr olunan dərsdə bölmənin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyev geniş məruzə edib. Akademikin zəngin həyat yolundan, Azərbaycanda fizika məktəbinin formalaşmasında, sanballı nəticələrə nail olmasında əməyindən bəhs edən M. Hüseynəliyev alimin müəllifi olduğu və tələbələri ilə birlikdə yazdığı selen düzləndiricilərinə aid monoqrafiyalarının dünya ədəbiyyatında öz fundamentallığı ilə seçildiyini deyib. Bildirib ki, akademik Həsən Abdullayev Azərbaycanda bərk cisimlər fizikasının inkişafında, yarımkeçiricilər elektronikasının və yüksək texnologiyaların geniş sürətlə müasir həyata tətbiqində əvəzsiz rolu olub.
Qeyd olunub ki, Həsən Abdullayev 36 il Fizika İnstitutunun direktoru olmaqla yanaşı, 1970-ci ildən 1983-cü ilədək həm də Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb. Bu illərdə akademiyanın nəzdində 30 elmi idarə ilə yanaşı, 12 konstruktor bürosu və 2 təcrübə zavodu fəaliyyət göstərib. Akademik Həsən Abdullayev 15 monoqrafiyanın, 250-dən artıq ixtiranın, onlarla dərsliyin, 500-dən çox elmi məqalənin müəllifidir.
Dərsdə bildirilib ki, görkəmli elm xadimi Həsən Abdullayevin yaratdığı elmi məktəb bu gün onun yetirmələri tərəfindən uğurla davam etdirilir.
“Açıq dərs” muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.