Dekabrın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Karyera İnkişaf Forumunun açılış mərasimi keçirilib.
Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, təhsil ekspertləri və digər qonaqlar iştirak ediblər.
“Gələcəyə hazır ol!” devizi ilə keçirilən forumun məqsədi əmək bazarında olan aktual problemlərin həlli istiqamətində peşəkar müzakirələr aparmaq, yeni trendlər və çağırışlar barədə məlumatlılığı artırmaq, karyera planlaması istiqamətində düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.
Forumda giriş nitqi ilə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanın çoxşaxəli məşğulluq siyasətindən danışıb.
Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev tələbələrin təhsil aldıqları dövrdə aidiyyəti təcrübə proqramlarına cəlb olunmasının məşğulluğa töhfə verə biləcək vacib istiqamət olduğunu və bu yöndə təşviqedici təcrübə proqramlarının artırılmalı olduğunu qeyd edib. Nazir əmək bazarı ilə bağlı ciddi elmi-tədqiqatlara ehtiyac olduğunu, həmçinin özəl və dövlət sektorlarındakı işəgötürənlərlə ali təhsil müəssisələri arasındakı tələbə-təcrübə proqramlarının sayını dəfələrlə artırmağın vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov gənclərin işsizlik problemi ilə bağlı nazirlikdə müəyyən işlər və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də öz növbəsində rəhbərlik etdiyi qurum tərəfindən Elm və Təhsil, Gənclər və İdman nazirlikləri ilə birgə 15-16 yaşlı yeniyetmələr arasında ixtisas seçimi ilə bağlı yeni metodikanın tətbiqinə başlanıldığını diqqətə çatdırıb.
Açılış mərasimindən sonra forum panellərlə davam etdirilib.
Qeyd edək ki, forum çərçivəsində “Karyera mərkəzlərinin yaratdığı fürsətlər”, “Peşəkar karyera mühitində yeni çağırışlar”,”İş mühitində davamlı inkişafı necə təmin etməli?” mövzularında panellər təşkil ediləcək.