Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat Kollecində İsveç Beynəlxalq İnkişaf və Əməkdaşlıq Agentliyinin “RECONOMY” proqramı çərçivəsində təlim keçirilib.

 

Təlimdə layihənin Azərbaycan üzrə koordinatoru, AzMİU-nun mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədov, rektorun müşaviri İlham Mərdanov, “DaşYunu” şirkətinin rəhbəri Nuh Haşımov, kollecin rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.

 

“Binaların xarici istilik izoliyasiyası” mövzusunda keçirilən təlimdə professor Nurməmməd Məmmədov təqdimatla çıxış edərək tələbələrə mövzu haqqında geniş məlumat verib. İstilik izoliyasiyası metodları, bu metodların enerji səmərəliliyinin artırılmasındakı rolundan danışan təlimçi qeyd edib ki, enerji balansının saxlanılması üçün xarici istilik izoliyasiyasının standartlara uyğun şəkildə tətbiqi vacibdir.

 

“DaşYunu” şirkətinin rəhbəri Nuh Haşımov da çıxışında binaların xarici istilik izoliyasiyasının enerji balansının qorunması baxımından son dərəcə vacib olduğuna diqqət çəkərək rəhbərlik etdiyi şirkətin bu istiqamətdəki fəaliyyətindən danışıb. O, istilik izoliyasiyası ilə bağlı beynəlxalq təcrübəyə, ölkəmizdə tətbiq olunan metodlara da toxunub.

 

Təlim zamanı tələbələrə binaların xarici istilik izoliyasiyasında istifadə edilən materiallar da nümayiş olunub.

 

Sonda təlimçilər tərəfindən mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.